Politoloq: “İƏT sanksiya siyasətinə üstünlük vermir”

Politoloq: “İƏT sanksiya siyasətinə üstünlük vermir”

"İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Ermənistanla diplomatik əlaqələri kəsməsi nəzəri baxımdan mümkün olsa da, reallıqda bu çətindir". Bunu SİA-ya İslam Konfransı Gənclər Forumunun (İKGF) Avrasiya üzrə regional mərkəzinin direktor müavini, politoloq Alpay Əhmədov deyib.

Onun sözlərinə görə, İƏT-ə üzv dövlətlərlə Ermənistanın diplomatik əlaqələrinin kəsilməsi üçün təşkilata üzv dövlətlərin bununla bağlı qətnaməsi olmalıdır: "Bu qətnamədə qeyd olunmalıdır ki, İƏT-ə üzv dövlətlər Ermənistanla bütün diplomatik münasibətlərin kəsilməsi haqqında öhdəlik götürür. Bu qərar isə konsensus yolu ilə qəbul edilməlidir. Amma bu qətnamənin qəbul olunması nəzəri baxımdan mümkün olsa da, reallıqda bu çətindir. Çünki, üzv ölkələr arasında geosiyasi səbəblərlə əlaqədar Ermənistanla müəyyən qədər iqtisadi və siyasi münasibətləri olan dövlətlər var. Məsələn, İran və Livan Ermənistanla yaxşı əlaqələrə malikdir. Əmin deyiləm ki, bu qətnamə layihəsi gündəliyə çıxarılsa, onlar öz veto hüquqlarından istifadə etməyəcəklər. Bu qətnamənin qəbul olunmaması geosiyasi maraqların çarpazlaşmasından irəli gəlir".

A. Əhmədov qeyd edib ki, İslam Əmkdaşlıq Təşkilatı ənənəvi olaraq xarici işlər və digər nazirlər səviyyəsində keçirilən sessiyalarında Ermənistanı təcavüzkar dövlət kimi tanıyır və buna son qoymağa çağırır.

A. Əhmədov deyib ki, təşkilat yarandığı gündən sanksiya siyasətinə üstünlük verməyib və bu məsələdə hədsiz ehtiyatlı davranır.

Bütün xəbərlər Facebook səhifəmizdə