Üzeyir Cəfərov: “Beynəlxalq qurumların qarşısında məsələ qaldırılmalıdır” AÇIQLAMA
"Ümumiyyətlə nə Rusiya, nə də Ermənistan Avropada adi silahlar haqqında konvensiyanın tələblərinə qətiyyən əməl etmirlər. Çox təəssüf ki, bu kimi hallar beynəlxalq qurumlar, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədlərinin də diqqətindən yayınır". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov Avropada adi silahlara dair müqavilənin şərtlərinin Rusiyanın Ermənistanı silahlandırması ilə pozması və bununla beynəlxalq hüququn prinsiplərinə qarşı çıxması məsələsinə münasibət bildirərkən deyib.
Hərbi ekspertin fikrincə, onlar əslində bu məsələyə çox sərt şəkildə reaksiya verməlidilər: "Çünki davamlı olaraq rəsmi Moskva təcavüzkar siyasət yürüdən Erməsnitanı silahla təchiz edir. Təbii ki, bu da münaqişə vəziyyətində olan Azərbaycan üçün mənfi hal sayılır. Hesab edirəm ki, bu kimi hallar bir neçə il deyil, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk illərindən bu yana davam edir. Hətta vaxtilə Rusiya Dövlət Dumasında rəsmi Moskvanın işğalçı ölkəyə qanunsuz silah ötürməsi ilə bağlı komissiya yaradılmışdı. Təbii ki, bu Rusiyaya yaraşan hal deyil. Bu gün öz üzərinə sülhyaratma missiyasını götürən dövlət münasibətləri sərgiləməməlidir. Azərbaycan torpaqlarını işğal altında saxlayan, vətəndaşlarımıza olmazın əzabları yaşadan Ermənistanın yanında olmaq və ona qeyri-qanuni silahlar vermək sonsuzluğa qədər davam edə bilməz. Bunu Azərbaycan Prezidenti İlham Əliyev və müdafiə naziri Zakir Həsənov da dəfələrlə bəyan ediblər".
Ü. Cəfərov hesab edir ki, Parisdə Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü, Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi altında Soçidə keçirilən görüş, eləcə də ABŞ Dövlət katibi Con Kerrinin təşəbbüsü ilə reallaşan görüş bu məsələnin çox da uzağa getməyəcəyinə işarədir: "Ümumiyyətlə bu qeyri-qanuni silahlanma Ermənistanın özünü daha çox həyasızcasına aparmasına şərait yaradır. Əgər biz fikir versək görərik ki, işğalçı ölkə səhərdən-axşama kimi iqtisadiyyatlarının bərbad vəziyyətdə olması ilə bağlı ağlaşma qurublar. Bu gün işğal olunmuş ərazilərimizdə şahidi oluruq ki, onlar davamlı şəkildə hərbi təlimlər keçirirlər. Bildiyiniz kimi, hər bir təlimin maliyyə ekvalenti götürüləndə çox böyük xərclər tələb olunur. Belə olan təqdirdə sual olunur. İqtisadiyyatı çətin olan bir ölkə hansı pullar hesabına təlim keçiririr? Hesab edirəm ki, Avropada adi silahlar haqqında konvensiyanın tələblərinin pozulması ilə bağlı Azərbaycan tərəfi bu məsələni daim gündəmdə saxlamalı və beynəlxalq qurumlar qarşısında məsələ qaldırmalıdır.
Rusiya artıq özünü Ukrayna hadisələrində sübut etdi. Təbii ki, Azərbaycan dövləti bütün bunları daim diqqətdə saxlamalı və ən sərt formada Ermənistana cəza tətbiq olunmasını tələb etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB