Bahar Muradova: “Hansısa bir ölkənin, dairənin mövqeyi xalqın mövqeyindən üstün sayılmayıb” MÜSAHİBƏ

Bahar Muradova: “Hansısa bir ölkənin, dairənin mövqeyi xalqın mövqeyindən üstün sayılmayıb” MÜSAHİBƏ

Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri Bahar Muradovanın SİA-ya müsahibəsi

- Bahar xanım, Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə görüşü ərəfəsində Ermənistanın kəlbəcərli girovlarla bağlı qondarma məhkəmə qurmasını Sarkisyan rejiminin təxribatı kimi qiymətləndirə bilərikmi?

- Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri zamanı dəfələrlə Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe tutduğunun və danışıqlarda yalnız danışıq xatirinə iştirak etdiyinin şahidi oluruq. Danışıqlar zamanı Ermənistanın üzərinə hər hansı bir ciddi öhdəlik götürməyəcəyini, hətta üzərlərinə öhdəlik qoyulsa belə, onu yerinə yetirməyəcəklərini göstərən əsas əlamətlərdən biri onların müxtəlif təxribatlara yol verməsidir. Atəşkəsin pozulmasını, müxtəlif səpkili bəyanatların verilməsini buna misal göstərə bilərik. Paris görüşü zamanı isə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar üzərində oyuncaq məhkəmənin qurulması bir daha onu göstərir ki, Ermənistan danışıqlara yönəlmiş diqqəti hər dəfə tamam başqa istiqamətə yönəltməklə, status kvonun dəyişməz qalması üçün lazım olan bütün addımları atmağa hazırdır. Qondarma məhkəmənin qurulmasını təsadüfü hesab etmirəm. Ermənistan bununla dünyanın diqqətini oyuncaq dövlətin və rejimin qurduğu məhkəməyə yönəltəməyə səy göstərirdi. Ermənistan heç zaman Azərbaycanla danışıqlarda səmimi olmayıb və bunu öz fəaliyyəti, hərəkəti, təcavüzkar siyasətini davam etdirməsi ilə sübut edib.

- İddia edilir ki, Azərbaycanın işğal olunan 7 rayonunun boşaldılması ilə bağlı Parisdə razılıq əldə olunub. Fransua Ollandın böyük sülh sazişi hazırlamaq barədə verdiyi bəyanat da, məhz buna hesablanıb. Bununla bağlı siz nə düşünürsünüz?

- Gozli keçirilən danışıqlar haqqında konkret fikir söyləmək doğru olmazdı. Təbii ki, Azərbaycan tərəfi olaraq uzun illər bu prosesin içində olduğumuzdan, danışıqların ayrı-ayrı məqamlarını ciddi izlədiyimizdən, dövlətimizin hansı prinsiplərdən çıxış edəcəyini bildiyimizdən təxmin edə bilərik ki, sözügedən məsələ müzakirə obyekti olub. Biz Azərbaycan dövlətinin, Prezidentinin qəti mövqeyini bilirik. Ona görə də Azərbaycan Prezidentinin Ermənistan tərəfi ilə danışıqlarda məsələnin bu yöndə müzakirə edilməsi şübhə doğurmur. Beynəlxalq hüquq normalarının Ermənistan tərəfindən pozulması, o hüququn bərpası istiqamətində atılacaq addımların, məhz Azərbaycanın ərazi bütövlüyünün bərpasından keçdiyini ortaya qoyur. Erməni qoşunları Azərbaycan ərazilərindən çıxmasa, tərəflər arasında hər hansı bir etimad yarana bilməz. ATƏT-in Minsk qrupunun həmsədrləri də bütün açıqlamalarında məsələyə bu aspektdən yanaşmalıdırlar. Uzun illər danışıqların nəticəsiz qalması tərəflərin mövqeyinin diametral şəkildə fərqlənməsindən irəli gəlir. Azərbaycan haqlı olaraq ərazi bütövlüyünün bərpasına çalışır, Ermənistan tərəfi isə xalqının taleyini, müqəddaratını heçə saymaqla danışıqlar prosesini ləngitməklə məşğuldur. Parisdə keçirilən danışıqlarda Fransa prezidenti Fransua Olland tərəfindən böyük sülh sazişinin hazırlandığına dair bəyanatla çıxış etməsi məqbul hesab edilərək, münaqişənin müsbət yöndə həllinə təkan verən amil kimi dəyərləndirilir. Xüsusilə status kvonun dəyişdirilməsinin vacibliyinin vurğulanmasını proseslərdə müsbət məqam hesab edirəm.

- Bəzi xarici dairələr və beynəlxalq təşkilatlar Leyla Yunus və bu kimi insanların məsələsinə anında reaksiya versələr də, aylardır erməni girovluğunda saxlanılan həmyerlilərimizdən xəbərsiz olduqlarını deyirlər. Sizcə bu nədən qaynaqlanır?

- İstər mətbuat konfransında iştirak edənlər, istərsə də media orqanlarından izləyənlər ABŞ kimi bir dövlətin, ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin Ermənistanda girov saxlanılan kəlbəcərli soydaşlarımızdan xəbərsiz olduqlarını dilə gətirmələri qeyri-səmimi səslənir. ABŞ-ın müvafiq qurumlarını, rəsmilərini müxtəlif dövlətlərdə gedən proseslər haqqında məlumatlandıran orqanlar nə ilə məşğuldur ki, bunların azərbaycanlı girovlardan xəbəri yoxdur? Əgər məlumat verilməyibsə pis, yox əgər məlumatlıdırlarsa və heç bir reaksiya verilmirsə bunu sərt şəkildə qınayıram. Beynəlxalq qurumların, dövlətlərin çoxüzlü standartlardan çıxış etmələri hər kəsi narahat edir. Nəyə görə iki azərbaycanlı girovun öz yurd-yuvalarında hansı şərtlər altında saxlanıldığı və hansı problemlərlə üz-üzə qalmasına biganə yanaşılır? Bu insanların öz əbədi və əzəli yurd-yuvalarında, Kəlbəcərdə girov götürüldüyü bir faktdır. Bu fakta heç bir münasibətin bildirilməməsi, qınanılmaması və qondarma rejimin qondarma sərhədlərinin pozulması adı ilə məhkəməyə çıxarılmasına göz yumulması ABŞ kimi bir dövlətin beynəlxalq arenada proseslərə bitərəf yanaşdığının göstəricisidir. BMT-nin qəbul etdiyi 822-ci qətnaməyə əsasən ermənilərin bu ərazilərdən çıxarılması tələb edilir. Nəinki ermənilər bu illər ərzində Azərbaycan torpaqlarından çıxmayıblar, hətta azərbaycanlıları həmin ərazilərdə girov adı altında saxlamağa müvəffəq olurlar. Çünki bəzi beynəlxalq təşkilatlar, təcavüzə, işğala, insan haqlarının pozulmasına haqq qazandıraraq bir növ onlara dəstək verirlər. Belə bir məsələdə ABŞ-ın beynəlxalq hüququn prinsiplərinə selektiv yanaşmasına, obyektiv mövqe sərgiləməməsinə təəssüf edirəm. Maraqları tələb etdiyi zaman dünyanın ən ucqar nöqtəsində elementar məsələyə münasibət bildirir, amma belə bir faktı heçə saymaqla ikili standartlardan çıxış edirlər.

- Leyla Yunusun istintaqa cəlb edildiyi zamandan beynəlxalq mükafatlara namizəd kimi göstərilməsinin istintaqa təzyiq vasitəsi olduğunu deyə bilərikmi?

- Azərbaycanı istəməyən, inkişafını gözü götürməyən, ölkəmizi içindən dağıtmağa xidmət edən dairələrin əlində Leyla Yunus bir alətdir ki, bundan istifadə etməyə çalışırlar. Azərbaycana düşmən mövqedə olan bir dövlətin müvafiq qurumları ilə əməkdaşlıq edən bir adamın istintaqa cəlb olunduğu bir zamanda beynəlxalq mükafatlara adının verilməsi əlbəttə ki, istintaqın gedişinə mane olmaq və onu başqa istiqamətə yönəltməyə hesablanıb. Buna qəti şəkildə iradımızı bildiririk. Azərbaycan hüquqi vətəndaş cəmiyyəti quran bir dövlətdir. Bu günə qədər adı çəkilən şəxs və onunla birlikdə bu istiqamətdə fəaliyyət göstərən insanlar Azərbaycan üçün ən ağır dönəmlərdə belə azad fəaliyyət göstəriblər. "İnsan haqları" ilə məşğul olanlar bunu özlərinin dolanışıq mənbəyinə çeviriblər. Şəxsi maraqlar baxımdan bu məsələdən istifadə ediblər. Bu insanlar haqqında dövlətə xəyanət, qanunların pozulması ilə əlaqədar faktların olduğu təqdirdə onlar kimlərinsə hüquqlarını necə müdafiə edə bilərlər? Bu insanlara qarşı araşdırmaların aparılması vacib hesab edilib və məsələnin hüquqi müstəvidə həll edilməsinə zəmin yaranıb. Bunu siyasi müstəviyə daşımaq, Azərbaycana qarşı istifadə etmək yolverilməzdir.

- Radikal müxalifət mətbuatı iddia edir ki, Azərbaycan hakimiyyəti Qərbdən tərif qazanmağa çalışır. Sizcə bu iddia nə qədər real sayıla bilər?

- Qərbin bəzi dairələrinin istəklərini yerinə yetirən, onların göstərdiyi yolla irəlləyən insanlar hər kəsə məlumdur. Bunlar müəyyən bir düşərgədə cəmləşən bir qrupdan ibarətdir. Bu fikir ancaq Azərbaycanda heç bir fəaliyyəti olmayan insanların təxəyyülündən başqa bir şey deyil. İndiki hakimiyyət, iqtidar yalnız Azərbaycan xalqının, vətəndaşının təqdirini özü üçün üstün cəhət hesab edir. Hansı siyasət aparılırsa, nə işlər görülürsə, yalnız Azərbaycanın və xalqın rifahı naminə aparılır. Hansısa bir ölkənin, dairənin mövqeyi bizim üçün xalqın mövqeyindən üstün sayılmayıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə