Zahid Oruc: “Ekstremizm bütövlükdə haqların bəlasıdır" AÇIQLAMA
"Parlamentdə ötən illər ərzində ekstremizmin təbliğinin qarşısını almaq üçün müxtəlif qanunvericilik aktlarına dəyişikliklər edildi". Bunu SİA-ya millət vəkili Zahid Oruc söyləyib.
Bildirib ki, bununla əlaqədar olaraq bir sıra müddəalar sərtləşdirildi: "Bir sıra ədəbiyyatların yayılmasının qarşısını almaq, sərhədlərimizdən ölkəmizə hər hansı kitabların gətirilməsini qadağan etməklə məsələ bitməyəcək. Köklü şəkildə konkret çalışmalara ehtiyac var. Etiraf etmək lazımdır ki, bu çox mürəkkəb fenomendir. Heç bir dövlət hazırda bu problemin öhdəsindən tam gələ bilmir. Biz hər gün müxtəlif ölkələrin kanallarını izləyirik. Orada da müxtəlif dinə tapınanlar ətrafında hansısa hökumət strukturları, hüquq mühafizə orqanları savaş cəbhəsi açıldığını görürük. Onu da deyim ki, dünən Britaniyada müsəlmanlar yaşayan ayrı-ayrı məhəllələrdə oxşar konflikti yayımlayırdılar. Bura hər hansı İraq və ya Suriya cəbhəsi deyildi. Yenə də Avropanın mərkəzində belə problemlər var. Azərbaycanda da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu millətin mənafeləri yönündə var gücü ilə çalışır. Hesab edirəm ki, belə addımları cəmiyyət də yaxşı dəstəkləyir və bu da çox önəmlidir. Əgər cəmiyyət bu proseslərdə özü rol oynayırsa, artıq müəyyən mənada işlər asanlaşır. Ona görə də biz insanların ədəbiyyatları internet resurslarından çox asanlıqla əldə etdiklərini görürük. Bu gün informasiya əsrində belə kitabları çox asanlıqla tapmaq olur. Bu günlərdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məlum açıqlaması cəmiyyətdə geniş əks-səda doğurdu və bu açıqlama milli-mənəvi yükünə, narahatlığına və dövlətin bu məsələlərə necə həsaslıqla yanaşdığına görə, hələ uzun müddət öz qüvvəsini və əhəmiyyətliliyini saxlayacaqdır. Orada da bu məsələ qoyulur ki, necə olur ki, 100 il əvvəl C. Cabbarlının "Sevil" obrazında Azərbaycan qadını cəmiyyətin quruculuğundan, yeni ideyalardan ruhlanaraq çadranı atır və onu cəhalətə aparan, geriliyi, fanatizmi yaradan halları pislədiyi halda, indi isə Azərbaycan qadını yenidən müxtəlif libaslara bürünüb. Bu səbəblər təhlil olunmalıdır. Mən libasların əleyhinə deyiləm, əgər bu həmin insanların könüllü qərarından olsa! Həmçinin Ramiz müəllimin çağırışlarında bu da var idi ki, "Allaha inananların bir məscid qapısı açması çox normal olardı". Ancaq xalis İslam quruculuğu adı ilə insanların başqalarına hüquq tanımaması, hamını kafir elan edib, dindən uzaq sayıb, onları inanmayanlar cərgəsinə qoşub da əqidələrini dəyişməklə öz tərəflərinə gətirmək üçün səhv vasitələrə əl atmaq çox təhlükəlidir. Ona görə də dini ekstremizmin qarşısını almaq cəmiyyətin vəzifəsidir. Ekstremizm bütövlükdə haqların bəlasıdır, təkcə dövlətin yox!"
Qeyd edək ki, ekstremizm latın sözü olub (extremus-ən son hədd) ən son metodlara maraq, ifratçı kimi tərcümə oluna bilər. Ekstremizm siyasi, dini, iqtisadi, irqi, hərbi və sair formalarda özünü göstərə bilir. Məsələn siyasi ekstremizm siyasətin ifrata varan vasitələrlə həyata keçirilməsidir.
Bəşər tarixi göstərir ki, ekstremizmlə bütün dünya millətləri tarix boyu üz-üzə gəliblər. Məsələn, tarix axarında bir çox dövlətlərdə hökumətlər xarici müdaxilələrlə mübarizə metodu kimi ölkəni bir qalaya çevirirdilər, qəddar mərkəzləşmə, hakimiyyətə sözsüz itaət, hüququ və azadlıqların məhdudlaşdırılması ilə müşayət olunan daxili və xarici siyasət özü də ifrat metodlarla həyata keçirilirdi. Yəni siyasi ekstremizm hesab edilirdi.
Amma siyasi ekstremizmin daha sadə formaları da var. Siyasi ekstremizm digər növlər (iqtisadi, dini) kimi ifratçılıq və həyata keçirilmə formalarına görə ayrılır. Amma qəbul etmək lazımdır ki, hər şeyin ifratı axmaq və mənasızdır. Ekstremizmdə isə bu həm də təhlükəlidir. Çünki ekstremizm manevr etmək üçün mühit buraxmır. O səbəbdən də bir çox halda növbəti addım terrorizmlə bitir.
Terrorizm özü də ekstremizmdə ekstremizmdir. Yəni bu sahədə siyasi ekstremizm, terrorizm və ksenofobiya (ictimaiyyət arasında kütləvi şübhə meyllərinin artırılıması, yadlara nifrətin aşılanması) eyni anlamlar olmasalar da hardasa bir-birlərini tamamlayırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB