AXCP-də və Müsavat Partiyasında baş verən istefalara müxalifət düşərgəsindən münasibətlər bildirilməkdə davam edir. SİA xəbər verir ki, sözügedən məsələ ilə bağlı REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli sosial şəbəkədəki hesabında status paylaşıb. Hərəkat rəsmisi bildirib ki, istefaların köklü səbəblərindən biri də partiyadakı rəhbər şəxslərlə bağlıdır: "Gedənlərin bəyanatları bunu deməyə əsas verir. Gedənlərin heç biri ideologiya, dəyərlər, qırmızı cizgilərə görə getdiyini demir. Hamı şəxslərdən gileylənir, gedişini bununla bağlayır".
Natiq Cəfərli eyni zamanda ənənəvi müxalifət düşərgəsində fəaliyyət göstərən partiyaların şəxslər üzərində qurulduğunu etiraf edib: "Çox təəssüf ki, partiyalarımız dəyərlər və ideoloji qurumlar üzərində deyil, şəxslər üzərində qurulur, onlara bağlı olur. Qurucu şəxslər partiyadan gedəndə böhran baş verir. Liderin partiyası modelindən, dəyərlər üzərində ideoloji birliyi olan siyasi qurumlara keçməyin vaxtı çoxdan çatıb".
Xatırladaq ki, ənənəvi düşərgədə iki əsas partiya kimi tanınan AXCP və Müsavatdan istefaların sayı artıb. Buna səbəb kimi isə rəhbərliklərin avtoritar idarəçiliyi göstərilir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB