"Gənclər siyasəti üzrə I Qlobal Forum bizim üçün çox əhəmiyyətli tədbirdir". SİA-nın xəbərinə görə, bu sözləri Prezident İlham Əliyev Bakıda keçirilən Gənclər siyasəti üzrə I Qlobal Forumda çıxışı zamanı deyib.
Ölkə rəhbəri bildirib ki, gənclər, incəsənət və mədəniyyət bir-biri ilə əlaqəlidir: "Azərbaycanda gənclər siyasəti ilə bağlı iki Dövlət Proqramı həyata keçirilib, Gənclərin inkişafı üçün Gənclər Fondu yaradılıb. Bu Fond gənclərin cəmiyyətdə öz yerini tutmasına və onların bacarıqlarının aşkara çıxmasına yardımçı olur. Gənclər Fondu təhsil, sağlamlıq, vətənpərvərlik və digər sahələrlə əlaqədar gənclər təşkilatlarının, gənclərin təşəbbüsünü dəstəkləyir".
Dövlət başçısı deyib ki, insan kapitalı cəmiyyətin, dövlətin inkişafında əsas rol oynayır: "Azərbaycan hökuməti uzun illərdir ki, gənclərimizin xaricdə nüfuzlu ali məktəblərdə təhsil alması istiqamətində proqram həyata keçirir. Azərbaycan universitetlərinin dünyanın nüfuzlu universitetləri ilə əlaqə yaratmasına çalışırıq".
Azərbaycan Prezidenti çıxışı zamanı vurğulayıb ki, ölkəmizdə idmanın inkişafına xüsusi diqqət ayrılır: "Azərbaycan idmançıları Olimpiya idman növlərində böyük uğurlar qazanır, ölkəmizin bayrağını yüksəklərə qaldırırlar. Azərbaycanda yeni idman obyektləri tikilir, gənclər arasında idmanın inkişafı stimullaşdırılır. Sağlam həyat tərzi uğurun əsasında durur, alkoqolizm və digər zərərli vərdişlərlə mübarizədə mühüm rol oynayır. Gələn il Azərbaycanda I Avropa Olimpiya oyunları keçiriləcək. Bu, bizim üçün tarixi hadisədir. Bu oyunlarla bağlı ölkəmizə 6 min idmançı gələcək. 2016-cı ildə ölkəmizdə Şahmat üzrə çempionat keçiriləcək. 2017-ci ildə isə Azərbaycanda İslam Həmrəylik Oyunları baş tutacaq".
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyini xatırladan dövlət başçısı bildirib ki, Azərbaycan xalqların, sivilizasiyaların dialoquna xüsusi diqqət yetirir: "Azərbaycanda çoxsaylı xalqlar tolerantlıq şəraitində yaşayır. Azərbaycanda sivilizasiyalararası dialoqlar keçirilib və ölkəmiz bu sahədə uğurlar əldə edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB