Azərbaycan və Ermənistan prezidentləri dialoqun davam etdirilməsi ilə bağlı razılığa gəliblər FOTO
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Parisdə Fransa Prezidenti Fransua Olland ilə üçtərəfli görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında Dağlıq Qarabağda müharibə zamanı itkin düşən şəxslər haqqında məlumatların mübadiləsi haqqında razılığa gəliblər. SİA bu barədə "Reuters"ə istinadən xəbər verir.
Xəbərdə qeyd edilir ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan və Ermənistan arasında vasitəçiliyə başlayıb. Fransua Olland Azərbaycan və Ermənistan prezidentlərini birbaşa dialoqa cəlb etməyə nail olub.
Məlumatda may ayında Ollandın Cənubi Qafqaza səfəri də xatırladılır. Bildirilir ki, səfər zamanı zamanı Fransa prezidenti ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın atəşkəs rejiminin qüvvəyə minməsindən iyirmi il sonra bu münaqişənin sülh yolu ilə həllinin axtarışı üçün vasitəçiliyini davam etdirməyə sadiqliyini təsdiqləyib. O iki tərəf arasında qoşunların təmas xəttində gərginliyin səmərəli şəkildə azaldılmasının vacibliyini qeyd edib.
Məlumatda bildirilir ki, Olland Azərbaycan və Ermənistan prezidentlərini beynəlxalq hüquq prinsiplərinə və Minsk qrupunun həmsədrləri tərəfindən müəyyən edilmiş prinsiplərə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin davamlı şəkildə nizamlanması üzrə danışıqlarda öz səylərini artırmağa çağırıb. Prezident, həmçinin status-kvonun yolverilməz olduğunu da vurğulayıb.
O, Azərbaycan və Ermənistan prezidentlərini fikir ayrılıqlarının aradan qaldırılması və öz əhalisini sülhə hazırlamaq üçün vacib olan siyasi iradə nümayiş etdirməyə çağırıb.
Məlumatda qeyd olunub ki, Olland münaqişəni "ölü nöqtə"dən tərpətmək üçün hərtərəfli sülh sazişinin hazırlanmasına başlamağı təklif edib.
Görüşdə Azərbaycan və Ermənistan prezidentləri 2015-ci ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB