Zahid Oruc: "Bu strukturların hər kəsin işinə nəzarət edəcək resursu yoxdur" Açıqlama
"Milli təhlükəsizlik orqanları kəşfiyyat strukturlarının şəxsi yazışmalara çıxış hüquqları olmalıdır. Kimsə deyə bilər ki, bəs elə bu qurumlar qeyri-qanuni olaraq bu işi həyata keçirir. Onsuz da bu, dünyada mübahisəsiz qəbul olunan məsələdir. Buna baxmayaraq xüsusi xidmət orqanlarının radikal dini cərəyanlarla mübarizə üçün "xüsusi qurum" yaratması ilə bağlı onların hüquqlarını tanımalıyıq. Əks təqdirdə bu istiqamətdə aparılan işlərdə müəyyən çətinliklər olacaq". Bunu SİA-ya açıqlamasında radikal dini cərəyanlarla mübarizə üçün "xüsusi qurum"un yaradılması təklifi ilə çıxış edən millət vəkili Zahid Oruc deyib.
Onun sözlərinə görə, dünyanın hər yerində dini cərəyanların əksəriyyətinin maliyyə mənbəyinə nəzarət etmək həddən artıq çətindir: "Çünki radikal dini cərəyanların həm maliyyələşməsi, həm onların iqtisadi fəaliyyəti, topladıqları vəsaitlərin sonda terrorçulara çatdırılmasında kifayət qədər mürəkkəb mexanizmlər mövcuddur. Yəni, maliyyə əməliyyatları çox müxtəlif vasitələrdən istifadə edilərək həyata keçirilir".
Millət vəkili hesab edir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin hər kəsin fəaliyyətinə nəzarət etmək üçün belə bir resursu yoxdur: "Hətta onların bu cür işlərin aparılmasına imkan verən texniki avadanlıqları da mövcud deyil. Lakin güc strukturlarının buna həm səlahiyyətləri, həm də imkanları var. Bu səbəbdən də sırf Milli Təhlükəsizlik Nazirliyinin nəzdində belə qurumun yaradılması təklifi ilə çıxış etmişəm. Əslində terroru dinin bazasında yaradıb və dini kitab olan "Qurani Kərim"in kontekstində böyük terror fəaliyyətləri həyata keçirirlərsə, eləcə də islamı terrorla birləşdirmək cəhdləri edilirsə, o zaman buna nəzarət qeyd edilən qurumların vasitəsilə həyata keçirilməlidir. Mən sadəcə bu təkliflə çıxış etmişəm. Təklif etdiyim qurum digər aidiyyəti strukturların fəaliyyətini əvəz etmək üçün yaradılacaq hər hansı bir təsisat deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB