Politoloq: “ “Böyük Sülh Sazişi”ndən başqa heç bir variant Azərbaycanın maraqlarına cavab vermir” ŞƏRH

Mübariz Əhmədoğlu: “Azərbaycanın imzalayacağı sənəd ya “Böyük Sülh Sazişi”, ya da bu sazişin hazırlanmasının başlandığını bəyan edən sənəd olmalıdır”
Politoloq: “ “Böyük Sülh Sazişi”ndən başqa heç bir variant Azərbaycanın maraqlarına cavab vermir” ŞƏRH

"Hazırda "Böyük Sülh Sazişi"ndən başqa istənilən variant Azərbaycanın maraqlarına cavab vermir". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündə Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat imzalayacaqlarına dair yaydığı xəbərləri şərh edərkən deyib.

Politoloq vurğulayıb ki, Azərbaycanın imzalayacağı sənəd ya "Böyük Sülh Sazişi", ya da bu sazişin hazırlanmasının başlandığını bəyan edən sənəd olmalıdır: "Guya Avropa çalışır ki, Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündə Dağlıq Qarabağ münaqişəsinə dair sənəd imzalansın və bu sənəd 2008-ci ilin payızında Moskvada imzalanmış Mayndroff bəyannaməsi statusunda olsun. Bununla da onlar Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki xüsusi rolunu kiçiltmək istəyirlər. Mayndroff bəyannaməsi və Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində apardığı işlərlə xeyli irəlidədir. Onlar da göstərmək istəyirlər ki, Qərb heç də Rusiyadan geridə deyil. Erməni mətbuatının yazdığı birgə bəyanat məsələsi bundan ibarətdir".

M. Əhmədoğlu deyib ki, Paris görüşü ərəfəsində vəziyyət xeyli mürəkkəbdir: "Hesab edirəm ki, bütün mürəkkəb məqamlar ermənilər üçündür. Ermənilərin Paris görüşü üçün ssenarisi var idi. İstəyirdilər ki, Paris görüşündə Helsinki Yekun Aktının prinsipləri, snayperlərin təmas xəttindən geri çəkilməsi müzakirə olunsun və bununla bağlı hər hansı bir sənəd imzalansın. Qeyd olunan məsələlərin müzakirə olunması üçün Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və fransalı həmkarı Paris görüşünün gündəliyini razılaşdıraraq, demək olar ki, formalaşdırmışdılar. Paris görüşünün ermənipərəst gündəliyinin hazırlanmasında Fransanın bu ölkədəki səfiri Anri Renonun da müstəsna rolu olub. Eləcə də Anri Reno son dövrlərdə Fransadan Dağlıq Qarabağa səfər edən nümayəndə heyətlərinin səfərlərinin təşkilində də vacib rol oynayıb. Amma, Fransa xarici işlər nazirliyi son anda vəziyyəti öyrəndi və gözlənilmədən Anri Renonu vəzifəsindən azad etdilər. Görüşə sayılı günlər qalmış Fransa işğalçı ölkədəki səfirini vəzifədən çıxarmaqla Ermənistanın xarici işlər nazirliyi və Anri Renonun birgə hazırladığı erməni ssenarisini ləğv etdi".

"Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayerin ABŞ Dövlət Katibi Con Kerri ilə görüşdən sonra Azərbaycan gəlməsi artıq erməni ssenarisinin irəliləmədiyini göstərir. Çünki, Avropa da Paris görüşünün uğurla nəticələnməsi üçün ciddi diqqət göstərir" -deyə, politoloq qeyd edib.

M. Əhmədoğlu vurğulayıb ki, Paris görüşü öncəsi Ermənistan daxilində də ciddi çaxnaşma var: "Bunun bariz sübutudur ki, dünən keçirilən hakim "Respublika Partiyası"nın toplantısında əsas müzakirə mövzusu Serj Sarkisyanın Paris görüşündə iştirakı olub. Proqnozlaşdırılması mürəkkəb bir görüşdür. Ancaq məlum olan bir həqiqət var ki, bu da görüş həftəsinin ilk günlərindən bəri baş verənlərin ermənilərin ziyanına, Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqq mövqeyinin irəliləməsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə