Qars bələdiyyəsinin başqanı ilə jurnalistlərin görüşü keçirilib FOTOLAR

Qars bələdiyyəsinin başqanı ilə jurnalistlərin görüşü keçirilib FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində Türkiyənin Qars vilayətinin bələdiyyə başqanı Azərbaycan əsilli Murtaza Karaçanta ilə mətbuat nümayəndələri arasında görüş keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu qonaqları salamlayaraq Azərbaycan və Türkiyə əlaqələrindən bəhs edib.

H.Babaoğlu qeyd edib ki, Azərbaycanın Türkiyə, o cümlədən Qarsla bütün sahələrdə əməkdaşlığı yüksək olub və bu gün də davam etməkdədir: "Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr hər zaman xalqımız üçün xüsusi xarakter daşıyıb. Bu, iki qardaş xalq arasında olan münasibətlərdən irəli gəlir. Əsrlər boyu xalqlarımız bir yerdə yaşayıb, bir-birlərinə həmdəm olublar. Azərbaycan dövlət müstəqilliyi əldə etdiyi ilk gündən Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr çox sürətlə inkişaf edib".

Daha sonra çıxış edən "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iki ölkə arasındakı tarixi münasibətlərə diqqət çəkərək qeyd edib ki, bizim tariximiz münasibətlərimizin gələcək inkişafı üçün əsas şərtdir: "Bizi birləşdirən tarix, mədəniyyət, din, dil, siyasi maraqlar mövcuddur. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dünyada əvəzi olmayan münasibətlərdir. Bu münasibətlər nəinki ölkələrimizi gücləndirir, eyni zamanda, bölgədə və dünyada gedən proseslərə də müsbət təsirini göstərir".

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə öz çıxışında Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq əlaqələrinin eyni kökə malik xalqlar üçün bir nümunə olduğunu bildirdi: "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Türkiyə ilə Azərbaycanı "bir millət, iki dövlət" kimi xarakterizə etmişdir. Bu tarixi fikirlər ötən illər ərzində Türkiyə ilə Azərbaycan arasında inkişaf edən əlaqələrlə öz təsdiqini tapmışdır. İki ölkə arasında imzalanan enerji layihələri nəinki Azərbaycan və Türkiyədə, ümumilkdə regionda sülh və sabitlik layihələri olub".

Bələdiyyə başqanı Murtuza Karaçanta Azərbaycanda olmasından çox məmnun olduğunu və burada özünü qonaq kimi deyil, doğma yurdunda olduğu kimi hiss etdiyini bildirdi. Murtuza Karaçanta Azərbaycandan çox geniş quruculuq, abadlıq işlərinin aparıldığını və bütün bunların Avropanın əksər dövlətlərində belə nəzərə çarpdığını söyləyib: "Azərbaycan günü-gündən inkişaf edir, yeniləşir və müasirləşir. Bütün bunlara aparılan düzgün, məqsədyönlü siyasət nəticəsində nail olunur".

Murtuza Karaçanta Qarsla Mingəçevir şəhərləri arasında "Qardaşlaşmış şəhərlər" protokolunun imzalandığını da qeyd edib.

Daha sonra bələdiyyə başqanı tədbirdə iştirak edən jurnalistlərin suallarını cavablandırıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə