Politoloq: “Güman edirəm ki, İran tərəfi belə bir addım atmayacaq”
"İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin qondarma "erməni soyqırımı"nın yüzilliyi ilə bağlı Ermənistanda keçiriləcək tədbirdə iştirakı bu ölkənin Türkiyə və Azərbaycanla münasibətlərinə ciddi zərbə ola bilər". Bunu SİA-ya YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov deyib.
Politoloq hesab edir ki, praqmatik düşüncə sahibi olan dövlət rəhbərləri belə bir tədbirə qatılmazlar: "İran müsəlman dövlətidir. Ermənistan isə müsəlman dövləti olan Türkiyəni qondarma "erməni soyqırımı" ilə bağlı məsələdə ittiham edir. Ermənistan paralel şəkildə həm qondarma "erməni soyqırımı"nın tanınması, həm qondarma "Dağlıq Qarabağ Respublika"sının tanınması siyasətini həyata keçirir. Belə olan vəziyyətdə İran tərəfi fərqindədir ki, Həsən Ruhaninin Ermənistana səfəri Türkiyə ilə münasibətləri son dərəcədə korlaya bilər. Belə bir addımın atılması Azərbaycanla münasibətlərə də son dərəcə mənfi təsir göstərə bilər".
E.Nəsirovun sözlərinə görə, İran rəhbərliyinin yüksək səviyyədə bu tədbirlərdə təmsil olunması inandırıcı deyil: "Amma, daha aşağı səviyyədə məmurlardan kimlərinsə Ermənistana getməsi istisna deyil. Prezident səviyyəsində belə bir addımın atılması, Tehran-Ankara, eyni zamanda Tehran-Bakı münasibətlərində çox ciddi problemlər yarada bilər. Bu günki İranda praqmatik qüvvələr hakimiyyətdədir. Hesab edirəm ki, bu addımın İran üçün gətirə biləcəyi mənfi fəsadları nəzərə alaraq belə bir addımı atmayacaqlar. Cırtdan bir dövlət olan Ermənistana görə, regional güc mərkəzi Türkiyə və regional lider dövlət Azərbaycanla münasibətləri korlamağa dəyərmi? Doğrudanmı bu sadə sualın cavabını İran tərəfi bilmir? Hesab edirəm ki, bilir. Güman edirəm ki, İran tərəfi belə bir addım atmayacaq".
YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi vurğulayıb ki, Ermənistanın atdığı belə addımlara qarşı həm Türkiyə, həm də Azərbaycan qabaqlayıcı tədbirlər görməkdədir: "Ən mühüm addımlardan biri qondarma "erməni soyqırımı"nın qeyd olunduğu ildə Azərbaycanda ilk Avropa Olimpiya oyunlarının keçirilməsi olacaq. Dünyada populyar olan bir idman hadisəsinin fonunda qondarma erməni soyqırımı ilə bağlı təbliğat-təşviqat kampaniyası kölgə altında qalacaq. Yəni onların möhtəşəm tədbir keçirmək planlarına bu olimpiada ən güclü zərbə olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB