Sahibə Qafarova: "Azərbaycan bildiyi yoldan və həqiqətlərdən geri çəkilməyəcək" Açıqlama
"Müasir beynəlxalq münasibətlər sisteminin suveren aktoru olan Azərbaycan son illərdə çox mühüm və güclü regional amilə çevrilib. Burada ən önəmli faktorlardan biri ölkəmizdə hökm sürən sabitlik və vətəndaş həmrəliyi amilidir. Güclü dayaqlara malik sabitliyin bərqərar olması isə əlbəttə ki, ölkənin iqtisadi inkişafını şərtləndirir və son illərin göstəriciləri Azərbaycanın yüksək iqtisadi inkişafının konturlarını müəyyən edir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, inkişaf edən Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi də ildən- ilə möhkəmlənir, ölkəmizin regional liderliyi dünya tərəfindən açıq şəkildə etiraf olunur: "Bu da nəticə etibarilə ölkəmizin siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməsini də şərtləndirir".
Millət vəkili deyib ki, ölkədə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilir: "Müxtəlif ölkələrdən çoxlu sayda nüfuzlu dövlət və din xadimlərinin, elm adamlarının qatıldığı bu cür tədbirlər Azərbaycanın dünyada tanıdılması, həmçinin müsbət imicinin formalaşdırılması baxımından çox böyük önəm kəsb edir. Azərbaycana gələn qonaqlar ölkəmizdəki tolerant mühitin, eləcə də, inkişafın, sosial sabitliyin şahidi olurlar. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib".
"Məlum olduğu kimi, hazırda dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşması nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə, insan haqlarının pozulması halları artır, sosial sabitlik pozulur. Azərbaycanda isə bu proseslərin tamamilə əksini müşahidə etmək mümkündür"- deyə, parlament üzvü məsələ ilə bağlı fikirlərinə əlavə edib.
O həmçinin qeyd edib ki, Azərbaycan toplumu müxtəlif konfessiyalar və etnik qruplar arasında qarşılıqlı anlaşma, sülhsevərlik, tolerantlıq kimi insani dəyərlərə sahibdir: "Xalqımızın kökündən, milli-mənəvi dəyərlərindən irəli gələn xoşgörü və tolerantlıq əsrlər keçsə də, dəyişməyərək, müasir cəmiyyətimizin ayrılmaz xarakterik xüsusiyyətinə çevrilib. Təqdirəlayiq haldır ki, müstəqil Azərbaycanın konstitusion əsasları xalqımızın əsrlərdən gələn bu kimi yüksək mənəvi dəyərlərinə söykənir".
Azərbaycanın əldə etdiyi bu uğurların bir sıra dairələr tərəfindən qısqnanclıqla qarşılandığını deyən millət vəkilinin sözlərinə görə, xüsusən, erməni lobbisinin təsiri altında fəaliyyət göstərən, həmçinin, islamafob, bəzi hallarda isə bölgədə maraqları olan imperialist dairələr Azərbaycana qarşı bu və ya başqa şəkildə təzyiq göstərməyə çalışırlar: "Bu səbəbdən də Azərbaycanla bağlı həqiqəti əks etdirməyən və qərəzli hesabatların dərc olunması, ölkəmizin ünvanına reallıqdan uzaq fikirlərin səsləndirilməsi sadaladığım təzyiqlərin bariz nümunəsidir. Əlbəttə, Azərbaycan müstəqillik qazandıqdan sonra Avropaya, Qərb dəyərlərinə inteqrasiyanı özünün başlıca prioriteti elan edib. Bu, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın demokratik inkişaf yolunun bir tərkib hissəsidir və ölkəmizin inkişafına yardım edir. Atılan addımlar nəticəsində Azərbaycan Avropaya daha sıx inteqrasiya edən ölkəyə çevrilib. Buna baxmayaraq, bəzi hallarda ikili standartların, ədalətsiz mövqeyin şahidi oluruq. Bunun səbəbləri isə həm milli etnik məsələlər, həm də bu gün ölkəmizin sahib olduğu qüdrətli və müstəqil siyasət aparması ilə bağlıdır. Amma nə olursa olsun, Azərbaycan öz bildiyi yoldan, öz həqiqətlərindən geri çəkilməyəcək. Çünki Azərbaycan müstəqil, xalqımızın maraqlarına söykənən siyasət həyata keçirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB