Keçmiş cəbhəçilər AXCP-də baş verən istefalardan danışdılar

Keçmiş cəbhəçilər AXCP-də baş verən istefalardan danışdılar

AXCP sədri Əli Kərimlinin müşaviri Şakir Abbasovun təmsil olunduğu partiyadan və postundan istefa verməsi düşərgə daxilində birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı SİA-ya açıqlama verən keçmiş AXC üzvləri də bildiriblər ki, Şakir Abbasovun istefası təəccübdoğurucu hal deyil.

BQP sədri Fazil Mustafa: "Şakir Abbasovun partiya və onun sədrinə qarşı səsləndirdiyi ittihamları normal qəbul edirəm"

- "AXCP -nin daxili məsələsinə qarışmaq istəməzdim. Ancaq Xalq Cəbhəsi Azərbaycanın istiqlaliyyətinin qazanılmasında böyük rol oynadığına görə Şakir Abbasovun partiya və onun sədrinə qarşı səsləndirdiyi ittihamları normal qəbul edirəm. Həqiqətən də, AXCP həm siyasi görüşlərinə, həm də Azərbaycanın gələcəyinə yanaşma tərzinə görə siyasi mübarizə deyil, inad mübarizəsi aparır. Yeniləşmək əvəzinə, daha da köhnə düşüncəli addımlarla gedir. Partiyada baş verənlər insan münasibətləri, siyasi münasibətlər baxımından çox aşağı səviyyədədir. Şakir Abbasov gərək on il əvvəl mənim yazılarımı oxuyardı. O zaman bilərdi ki, nələr baş verir və bu partiyanı nələr gözləyir".

DİP sədri Asim Mollazadə: "Azərbaycana yeni siyasi mədəniyyət gətirmək istəyirik"

- "Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə də keçmiş AXC təmsilçisi kimi, hazırda AXCP-də gedən prosesləri, istefa dalğasını özünəməxsus şəkildə qiymətləndirib. AXCP-dən fərli olaraq, rəhbərlik etdiyim siyasi təşkilat Azərbaycanda yeni siyasi mədəniyyət formalaşdırmaq istəyirik. Azərbaycan demokratik ölkədir. Bütün siyasi proseslərə düzgün yanaşma var. Siyasi təşkilatlara hörmətlə yanaşaraq onların daxili işlərinə qarışmamağı düşünürük. Amma eyni zamanda biz, Azərbaycana yeni siyasi mədəniyyət gətirmək istəyirik".

Vəhdət Partiyasının sədri Tahir Kərimli: "Şakir Abbasov kimiləri Əli Kərimlidən fərqli olaraq xalq hərəkatında canlarını fəda ediblər"

- "AXC hakimiyyəti dönəmində bir sıra xidmətləri olan Şakir Abbasovun AXCP-ni ittiham edərək partiya sıralarını tərk etməsi sıradan bir məsələ deyil. Sözügedən partiyada köhnə məsləkdaşlara qarşı bir qısqanclıq, bir etinasızlıq olduğu açıq-aydın görünür. Bu insanları uzaqlaşdırmaq istəyirlər ki, guya özlərinə yeni komanda formalaşdırmaqla siyasi arenada nələrsə etsinlər. Şakir Abbasov kimi insanlar zəhmətlərinin bəhrəsini görmək istəsələr də, təəssüf ki, 20 ildən çox bir dönəmdə mitinqlərdə qışqır-bağır edən, siyasi qabiliyyəti belə olmayan Əli Kərimli onların zəhmətlərini yerə vurur. Bu da gec-tez bumeranq efekti verir və istefalara səbəb olur".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə