Elçin Mirzəbəyli: “Leyla Yunusun hüquqlarının müdafiəsi heç bir arqumentlə əsaslandırıla bilməz” AÇIQLAMA
"Hesab edirəm ki, son dövrlərdə ABŞ-ın Azərbaycana münasibətdə nümayiş etdirdiyi mövqe bilavasitə ermənilərin maraqlarına xidmət edir". Bunu SİA-ya siyasi şərhçi Elçin Mirzəbəyli ABŞ Dövlət Departamentinin Leyla Yunusun həbsi ilə bağlı bəyanat yaymasına münasibət bildirərkən deyib.
Siyasi şərhçinin sözlərinə görə, ABŞ Dövlət Departamentinin Leyla Yunusun həbsi ilə bağlı bəyanatı, erməni diasporunun Ağ Ev-in siyasətinə olan təsirinin göstəricisidir: "Çünki bunu əsaslandıracaq hər hansı bir arqument yoxdur. Biz dəfələrlə ABŞ-ın timsalında demokratiya və insan hüquqlarının necə qorunduğunun şahidi olmuşuq. Bu, İraqda, Əfqanıstanda, Suriyada özünü açıq şəkildə büruzə verir. Xeyli sayda insanın ölümünə, qaçqın düşməsinə səbəb olan bir dövlətin, bu gün öz ölkəsinə münasibətdə xəyanətkar mövqe tutan Leyla Yunusun hüquqlarının müdafiəsinə qalxması heç bir arqumentlərlə əsaslandırıla bilməz.
Əgər bu günə qədər ABŞ Ermənistanın işğal nəticəsində Azərbaycandan, öz doğma yurd-yuvalarından didərgin düşən bir milyon insanın hüquqlarının qorunması üçün konkret addımlar atsa və işğalçı ölkəyə qarşı sanksiyalar tətbiq etsə idi, ola bilsin ki, belə mövqe Azərbaycan ictimaiyyəti tərəfindən qəzəblə qarşılanmazdı. Amma ABŞ bu günə kimi Ermənistana münasibətdə hər hansı kəskin addım atmayıb və sanksiyanın tətbiqi ilə bağlı davranış sərgiləməyib. Rəsmi ABŞ əksinə Azərbaycana qarşı qeyri beynəlxalq hüququn prinsiplərinə və bütövlükdə demokratiya anlayışına zidd olan 907-ci düzəlişi qoruyub saxlayır. Təbii ki, bütün bunların fonunda Vaşinqtondan səslənən bütün bəyanatlar qərəzli görünür. Hesab edirəm ki, belə münasibət bütövlükdə nə ABŞ-Azərbaycan münasibətlərinə, nə də Cənubi Qafqazın rifahına xidmət etmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB