Elman Nəsirov: "Naxçıvanla bağlı konkret addımların atılması böyük siyasi əhəmiyyət kəsb edə bilər”
"Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun Naxçıvanla bağlı qərarın qəbul edilməsi ilə bağlı təklifi olduqca düşündürücüdür. Hesab edirəm ki, təkliflə bağlı konkret addımların atılması böyük siyasi məna və əhəmiyyət kəsb edə bilər". Bu fikirləri SİA-ya açıqlamasında YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov deyib.
Politoloq hesab edir ki, millət vəkili Siyavuş Novruzovun Naxçıvanla Leninqrad arasında paralel aparması çox əhəmiyyətlidir: "Millət vəkili Siyavuş Novruzovun da qeyd etdiyi kimi Leninqrad 4 il mühasirədə qaldığına görə, qəhrəman şəhər adını alıb. Leninqradın bu adı alması belə bir məna kəsb edir ki, şəhərin insanları faşizmə qarşı böyük müqavimət göstəriblər. Çox böyük müsibətlərə düçar olsalar da heç zaman sınmayıblar, yəni, bir mübarizlik əzmi nümayiş etdiriblər. Həqiqətən də Naxçıvan 20 ildən artıqdır ki, blokada vəziyyətindədir. Həmçinin Ermənistanla böyük sərhəddə malikdir. Belə bir məqamda millət vəkili Siyavuş Novruzovun təklifi aktuallıq kəsb edir. Bu il Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyidir. Eyni zamanda Azərbaycanın müstəqillik tarixi Naxçıvandan başlayır. 1990-cı ilin noyabr 17-də keçirilən iclasda Naxçıvan MSSR-nin adının dəyişdirilməsi ilə bağlı qərar qəbul edildi. Üçrəngli bayrağımız ilk dəfə Naxçıvanda qəbul edilərək, parlamentin binası üzərində dalğalandırıldı. Eyni zamanda Naxçıvandan Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırılır ki, üçrəngli bayraq həm də Azərbaycan dövlətinin bayrağı kimi qəbul edilsin. Bunlar da məhz Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti sayəsində oldu".
"Bütün bunlar deməyə əsas verir ki, blokada vəziyyətində olan, Ermənistanın tez-tez təhdidləri ilə üzləşən Naxçıvan Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə, eyni zamanda Azərbaycan Respublikasının yaranması prosesinə çox ciddi töhfə verib. Bu prosesdə Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, millət vəkili Siyavuş Novruzovun bu təklifinin ciddi müzakirə edilməsinə və bu konteksdə Naxçıvanla bağlı qərarın qəbul edilməsinə böyük ehtiyac var", deyə E.Nəsirov vurğulayıb.
E.Nəsirov hesab edir ki, bu qərarın qəbul edilməsi Naxçıvanın həqiqətən də blokada şəraitində olmasını ortaya qoyacaq: "Ermənistan təbliğat maşını belə bir informasiya yayır ki, guya Ermənistan blokada vəziyyətindədir. Naxçıvan isə yada düşmür. Naxçıvanla bağlı xüsusi bir qərarın qəbul edilməsi, onu təbliği, təşviqi ona gətirib çıxara bilər ki, hay-küy kampaniyası qoparıb, özünün blokada vəziyyətindən danışan Ermənistan əslində Naxçıvanı tam blokada vəziyyətində saxlayır. Bu qərarın qəbul edilməsi Ermənistanın blokada vəziyyətində olması ilə bağlı dünyada apardığı təbliğatına da ciddi zərbə vurar. Hesab edirəm ki, bu amillər ona dəlalət edir ki, həqiqətən də Naxçıvanla bağlı xüsusi qərarın qəbul edilməsinin vaxtı çatıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB