MM və QHT-lərə Dövlət Dəstəyi Şurası arasında Anlaşma Memorandumu imzalanıb

MM və QHT-lərə Dövlət Dəstəyi Şurası arasında Anlaşma Memorandumu imzalanıb

Bu gün Milli Məclis və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. SİA-nın xəbərinə görə, imzalanma mərasimində çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, parlamentin sədri Oqtay Əsədovun təşəbbüsü ilə imzalanan bu Memorandum parlamentlə Şura və QHT-lər arasında münasibətləri tənzimləyəcək, parlamentin bütün komitələri vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq edəcək.

Ə. Hüseynli bu əməkdaşlıq nəticəsində QHT-lərin qanunvericilik bazasının formalaşmasına töhfə verəcəklərini vurğulayıb.

Azay Quliyev isə bildirib ki, bu gün vətəndaş cəmiyyəti üçün tarixi gündür, artıq vətəndaş cəmiyyəti elə səviyyəyə çatıb ki, Milli Məclislə əməkdaşlıq edir: "10 il qabaq heç kimin ağlına gəlməzdi ki, vətəndaş cəmiyyəti Milli Məclislə bərabərhüquqlu tərəfdaş kimi Memorandum imzalayacaq. Milli Məclis qanun yaradıcılığı prosesində QHT-lərin töhfəsini görmək istəyir. Oqtay Əsədova təşəkkür edirik ki, QHT-lərə belə etimad göstərib. Bu Memorandum nəticəsində QHT-lər tək qanun yaradıcılığı prosesinə töhfə verməyəcək, həm də qanunları əhali arasında təbliğ edəcək, vətəndaş cəmiyyəti ilə Milli Məclis arasında daha sıx əlaqələr qurulacaq. Bu da onu göstərir ki, ictimai əhəmiyyətli məsələlərin həllində QHT-lər arzuedilən tərəfdaşdır".

Tədbirdə çıxış edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli 25 il əvvəl Azərbaycanda QHT-lər yarandığı ilkin dövrdə onlara hökumət əleyhinə təşkilatlar kimi yanaşıldığını xatırladıb: "Bu gün artıq QHT-lərə münasibət fərqlidir. Elə qanun layihəsi olmayıb ki, komitəmiz bununla bağıl QHT-lərlə əməkdaşlıq etməsin".

H. Rəcəbli parlamentdə baş verən maraqlı bir hadisəni də xatırladıb: "İlk dəfə uşaqları parlamentə gətirəndə dedilər ki, parlament uşaq-muşaq yeri deyil. Ancaq indi həmin uşaqlardan ikisi Milli Məclisin deputatıdır. Bu Memorandum da QHT-lərlə parlamentin əməkdaşlığını daha da inkişaf etdirəcək".

Daha sonra Şura adından Azay Quliyev, Milli Məclis adından Əli Hüseynli Memorandumu imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə