Ziyafət Əsgərov: "ABŞ öz problemlərini həll edib ki, Leyla Yunusla maraqlanır?!" Açıqlama

"Azərbaycan Leyla Yunusa görə heç vaxt təklənə bilməz"
Ziyafət Əsgərov: "ABŞ öz problemlərini həll edib ki, Leyla Yunusla maraqlanır?!" Açıqlama

"Azərbaycanın Rusiya ilə həm iqtisadi, həm də humanitar sahədə yaxşı münasibətləri var. Bu münasibətlər tək Rusiyaya aid deyil. Biz hər zaman digər dövlətlərlə də ikitərəfli münasibətlərə üstünlük vermişik". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, Azərbaycanın Avropa İttifaqı, Avropa Parlamenti ilə də yaxşı münasibətləri var: "Biz kimləsə daha üstün münasibətlər qurmağa fərq qoymuruq. Azərbaycan inkişafın elə mərhələsindədir ki, bir çox dövlətlərin, o cümlədən Rusiyanın ölkəmizə marağı artıb. Sözsüz ki, xarici siyasətimizi milli maraqlar üzərində qururuq".

O, Azərbaycanın Gömrük İttifaqına üzv olmamasının səbəblərinə də aydınlıq gətirib: "Azərbaycan ikitərəfli münasibətlərə üstünlük verir".

Azərbaycanın Avrasiya İttifaqına üzv olacağı təqdirdə Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı məsələlərə də münasibət bildirən Z.Əsgərov deyib ki, Qarabağa görə hansısa ittifaqa üzv ola bilmərik: "Dağlıq Qarabağ münaqişəsi elə bir məsələdir ki, onunla ticarət etmək olmaz. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Azərbaycanın əzəli torpaqlarıdır. Kiminsə qabağında belə bir məsələ qoymamışıq ki, hansısa ittifaqa girək, sonra da bunun qarşılığında Qarabağı bizə geri qaytarsınlar".

Parlament sədrinin müavini onu da əlavə edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərindən xüsusi irəliləyiş olmasa da, bunların əhəmiyyəti var: "ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ danışıqları ilə bağlı səyləri artırmalıdır. Lakin Azərbaycanın prinsipial mövqeyi dəyişməz olaraq qalır. Danışıqlar Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonlardan Ermənistan silahlı bölmələrinin çıxarılması şərti müstəvisində gedir".

Ziyafət Əsgərov eyni zamanda ABŞ və beynəlxalq təşkilatların Azərbaycanda həbs olunan QHT rəhbərlərini azadlığa buraxması tələbinə münasibət bildirib: "Azərbaycan Leyla Yunusa görə heç vaxt təklənə bilməz. ABŞ öz problemlərini həll edib ki, Leyla Yunusla maraqlanır?! Məgər onların özündə problem yoxdur?! Amerikada irqçilik zəminində çox böyük problemlər var. Azərbaycanın daxili işlərinə qarışmaq lazım deyil. Hər hansı bir erməni lobbisinin və ya onların təsiri altında Azərbaycanla bağlı qərəzli bəyanatlar verilsə, buna ancaq təəssüf etmək lazımdır. Hər kəsə məlumdur ki, Azərbaycana qarşı kampaniyalar çoxdan başlayıb. Beynəlxalq aləmin Azərbaycana qarşı təhdidlərini rəsmi Bakı çox gözəl başa düşür. Bəzi qüvvələr Azərbaycanın onlara hesabat verməsini istəyir".

Vitse-spiker Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycana səfər etməsinə də münasibət bildirib: "Rusiyanın Azərbaycana münasibətini Jirinovski ilə ölçmək lazım deyil. O, xahiş etmişdi deyə Bakıya gəldi. Buna görə də nə üçün gəldiyini gözəl bilir. Bu adamın indiyə qədər Azərbaycana olan münasibəti bəllidir. O Azərbaycana gəldi və hər şeyi öz gözləri ilə gördü. Qayıdandan sonra isə Dövlət Dumasında Azərbaycanı təriflədi".

Prezidentin avqust ayında cəbhədə baş verən gərginliklə bağlı sərəncamına da fikir bildirən iqtidar rəsmisi qeyd edib ki, məsələ ilə bağlı Müdafiə Naziri ilə danışıqlar aparılır: "Əgər sərəcamla bağlı hansısa qanunvericilik aktlarının qəbul olunmasına, yaxud hansısa dəyişikliyin aparılmasına ehtiyac olsa, bu məsələni Milli Məclisdə müzakirəyə çıxaracağıq. Çünki bu, Azərbaycanın, eləcə də informasiya təhlükəsizliyi baxımında çox ciddi sərəncamdır. Ulu öndər Heydər Əliyevin çox gözəl bir sözü var idi. O bildirirdi ki, demokratiya elə bir prosesdir ki, onun əvvəli var, ancaq sonu yoxdur. Bu gün istər Avropada, istərsə də Amerika qitəsində heç bir dövlət deyə bilməz ki, onlar hüquqi dövlətin ən son zirvəsindədirlər. Çünki inkişaf getdikcə yeni münasibətlər meydana çıxır və bunu tənzimləmək üçün islahatlara ehtiyac yaranır".

Evin tək oğlu və magistrların hərbi xidmətə aparılmasına gəlincə, Ziyafət Əsgərov bildirib ki, bu məsələlərlə bağlı zərurət yaransa, məsələ yenidən müzakirəyə çıxarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə