Səbaillilər Rusiyanın Xəzər Dəniz Donanmasının gəmilərində olublar

Səbaillilər Rusiyanın Xəzər Dəniz Donanmasının gəmilərində olublar

Bakıya rəsmi səfərə gələn Rusiya Federasiyası Xəzər Hərbi Dəniz Donanmasının "Dağıstan" böyük raket gözətçisi və "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmilərinin daxil olduğu hərbi qrupun rəhbər heyəti səfər proqramı çərçivəsində Səbail rayon İcra Hakimiyyətində rayon rəhbərliyi tərəfindən qəbul olunublar. SİA-nın xəbərinə görə, proqrama uyğun olaraq Səbail rayon rəhbərliyi və rayon ictimaiyyətinin bir qrupu Bakı buxtasında reyddə duran gəmilərlə tanışlıq üçün Dövlət Bayrağı Meydanına gəliblər.

Nümayəndə heyətini qarşılayan Bakıya səfərə gələn Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının nümayəndə heyətinin rəhbəri I dərəcəli kapitan Valeri Smirnov səbailliləri salamlayıb, hərbi gəmilərin Bakıdaya gəlişinin məqsədi və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri arasında əlaqələrin möhkəmlənməsinin əhəmiyyətindən danışıb, eləcə də RİH-də təşkil olunan görüşə görə öz minnətdarlığını bildirib.

Səbailli qonaqlar ilk növbədə "Dağıstan" böyük raket gözətçisi gəmisinə gəliblər. Burada gəminin kapitanı, II dərəcəli kapitan Vüsal Miriyev qonaqları gəmi ilə tanış edərək onun döyüş qabiliyyəti, silahları, şəxsi heyətin məişəti barədə danışıb. Vüsal Miriyev "Dağıstan" gəmisinin Bakıya keçən gəlişi zamanı Prezident İlham Əliyev və Rusiyanın prezidenti Vladimir Putinin gəmi ilə birgə tanışlığı barədə məlumat verib.

Daha sonra qonaqlar "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmisində olub, gəminin kapitanı III dərəcəli kapitan Aleksey Qordeyev gəmi barədə ətraflı məlumat verib. Rusiyalı hərbiçilər qonaqların, xüsusilə də nümayəndə heyətinin tərkibində gəmiyə gələn Azərbaycan Dövlət Dəniz Akademiyasının kursantlarının çoxsaylı suallarını cavablandırıblar.

Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev hərbi dənizçiləri RİH adından salamlayıb, Bakının mərkəzi rayonu olan Səbail rayonun stateji əhəmiyyət kəsb etdiyini bildirib və rayonun tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri, həmçinin rayonda keçirilən beynəlxalq tədbirlər barədə məlumat verib. Eldar Ağayev səmimi görüşə və gəmilərlə tanışlığa görə hərbiçilərə öz minnətdarlığını bildirib.

Gəmilərlə yaxından tanış olan qonaqlar gəmi komandası ilə birgə şəkillər çəkdiriblər.

Görüşdər sonra hərbi dənizçilər İçəri şəhərə gəlib, Qız qalası, Şirvanşahlar Saray Kompleksi və digər tarixi abidələrlə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə