"Bakı-Tbilisi-Qars dəmir yol xətti: Tarixi İpək Yolunun inkişafına yeni imkanlar" FOTO
Son illər ərzində beynəlxalq ticarətin həcminin və miqyasının genişlənməsi fonunda Avropa ilə Asiya arasında yük və sərnişin axınlarının çəkisinin artması, bu istiqamətdə daha effektiv yeni nəqliyyat bağlantılarının yaradılmasını və mövcud marşrutların səmərəliliyinin artırılmasını zərurətə çevirib. Qaldırılan məsələnin aktuallığını nəzərə alaraq, hər iki regionu birləşdirən əsas nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Respublikası tərəfindən beynəlxalq ticarətin və daşımaların təşviqi, effektivliyinin artırılması məqsədilə mühüm işlər aparılır. Bu baxımdan, əsas bağlantısı Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti olan və Azərbaycan Respublikasının ərazisindən keçməklə Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin xüsusi əhəmiyyəti vardır.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi və Bosfor boğazında "Marmaray" dəmiryol tunelinin inşası Trans-Avropa və Trans-Asiya dəmiryol şəbəkələrinin birləşdirilməsinə, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək region ölkələrinin tranzit potensialının artmasına xidmət edəcəkdir. Layihənin reallaşması, eyni zamanda Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasının həmin xətt vasitəsilə həyata keçirilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcminin artmasına da imkan yaradacaq.
Yeni dəmiryol xətti Azərbaycan, Gürcüstan və Türkiyə üçün və eyni zamanda Asiya respublikaları üçün mühüm əhəmiyyət kəsb edəcək. Beləliklə Azərbaycan, Gürcüstan və Türkiyənin Mərkəzi Asiya, Çin və Avropa ilə birləşməsi üçün geniş imkanlar yaradılacaq. Belə ki, artıq bir sıra dövlətlər bu nəqliyyat dəhlizinin istifadəsinə maraq göstərdiklərini bildiriblər.
Məhz bu məqsədlə bu gün Heydər Əliyev Mərkəzində region, eləcə də bir sıra Avropa və Asiya ölkələrinin iştirakı ilə Beynəlxalq Konfrans keçirilir. SİA-nın məlumatına görə, konfransın gündəliyinə nəqliyyatla bağlı ümumi məsələlər, bu sahədə mövcud problemlər və onların həlli yolları, dəhliz boyu ölkələr tərəfindən həyata keçirilən və perspektiv layihələr, yeni təşəbbüslər, nəqliyyat əlaqələrinin və tranzitin inkişafında beynəlxalq təşkilatların və maliyyə institutlarının rolu və potensial imkanları, təhlükəsizlik, ekoloji aspektlər, eləcə də lokal və qlobal miqyaslarda effektiv logistik konsepsiyaların tətbiqi və digər məsələlər daxil edilib.
Konfrans zamanı aparılmış fikir mübadiləsinin nəticələrini əks etdirən Yekun Sənədin qəbul edilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB