"Qurultaya qədər Müsavatda baş verənlər İsa Qəmbərin iradəsi altında idi və həqiqətən də ssenari İsa Qəmbərin diktəsi ilə yazılmışdı". Bunu SİA-ya millət vəkili Zahid Oruc Müsavatda baş verən qarşıdurmaların arxasında, məhz İsa Qəmbərin dayandığına dair səslənən iddiaları şərh edərkən deyib.
Zahid Oruc daha bir ilginc məqama toxunaraq bildirib ki, əslində Müsavat rəhbərliyi qurultay ərəfəsində onları izləyən yerli və beynəlxalq dairələrə "demokratik fon" təsirini göstərməyə çalışıb: "Yəni Müsavatdakı situasiyanı "dəyişiklik" timsalında göstərməyə səy göstəriblər. Daha dəqiq desək, bunlar guya əvəzlənməyə gedirlər. Belə ki, yaratdıqları fon timsalında göstərmək istəyirdilər ki, guya birinci şəxsin dəyişməsindən qorxmurlar və partiya yalnız İsa Qəmbərin üzərində qurulmayıb. Belə bir şəxs də (Arif Hacılı-red.) şəffaf mübarizənin qalibi olur. Nəticədə isə yenə İsa Qəmbər qələbə çalır. Toplananların yerini necə dəyişirlərsə, yekun İsa Qəmbərin planlaşdırdığı kimi alınır. Ancaq alınmadı".
Millət vəkili sentyabrın 27-də keçirilən qurultaydan sonra proseslərin öz məcrasından çıxdığını və İsa Qəmbərin xəyallarında olanların büsbütün qorxulu bir gerçəkliyə çevrildiyini vurğulayıb: "Nə baş verdi? Bir tərəfdən qurultay üzvlərini bir çox yerlərdə saxta olaraq müəyyənləşdiriblər. Hər hansı bir konfrans keçirmədən bunu ediblər. Həmçinin əvvəlcədən paytaxtdan göndərilən siyahıları, özlərinə yaxın bildikləri şəxsləri bura qatıblar. Sual oluna bilər ki, nəyin əsasında seçmisiniz? Hansı göstəricilərə görə - Məclis üzvü olduqlarına görəmi onlar qurultay nümayəndəsi olublar, yoxsa başqa parametrlər üzrə? Məlum oldu ki, nəinki paytaxtdan təzyiqlər göstəriblər, eyni zamanda son ana qədər kimə səs verməyi onlara təlqin etməyə çalışıblar. Yaxud da qarşı tərəfin mövqelərinə idarə olunan ziyan vurmaqla adamların qurultaya gəlməsinə şərait yaratmayıblar. O cümlədən, seçkinin özünün onların kamerasına düşən hissəsində baş verən pozuntular sübuta yetirdi ki, onlar bir partiya daxilində demokratik prosedurları gerçəkləşdirə bilmirlər".
"Digər tərəfdən, partiyanın guya vahidliyi, onun məhdud tərkibi çərçivəsindəki monolitlik haqqında olan fiktiv təbliğat da sarsıldı"- deyə qeyd edən Zahid Oruc onu da bildirib ki, tərəflər illər ərzində bir-birinə qarşı patoloji nifrətlə yaşayıblar: "Heç hakimiyyət mənsubları ilə Müsavat arasındakı polemikalarda belə ittiham leksikonu, arqumentləri səslənməyib. Kimi başqasını səviyyəsizlikdə qınayır, o biri qardaşı ilə birləşib partiyanı ailə sistemi ilə idarə etməkdə ittiham edir. Digərləri kiminsə qaçdığını, müxtəlif önəmli dövrlərdə olmadığını vurğulayır. Beləliklə də bir-birini gözdən salma fonunda əsl müsavatı görməkdəyik. İndi, yorğan İsa Qəmbərin üstündən götürülüb. Bütün zərbələr daha çox onun özünə vurulur. Bu zərbələrdən sonra Müsavatın gələcəyini təsəvvür etmək o qədər də çətin deyil".
"Müsavatın dili bundan sonrakı dövrdə siyasi arqumentlərdə daha da gödəldi. İsa Qəmbərin əvvəlki ötkəmliyi, soyuqqanlılığının arxasında gizlətdiyi obrazı ilə danışmağı mümkün deyil. Onun həqiqi durumu tamamilə açıldı. Bəlli oldu ki, partiyanın maliyyə əsasları qeyri-şəffaf olub. İdarəçiliyi də bərbaddır" - deyə, Z. Oruc sözlərinə əlavə edib.
Onun sözlərinə görə, bu gün Məhəmməd Əmin Rəsulzadə sağ olsaydı, hazırkı Müsavat partiyasının onun zamanında mövcud olan təşkilatla eyni olmadığını vurğulayar, partiyanın adının dəyişdirilməsini tələb edərdi: "Məhəmməd Əmin Rəsulzadənin ruhu inciyib. Hakimiyyəti, sağı, solu, cümhuriyyət irsinə laqeydlikdə ittiham edən Müsavat bu addan imtina etməlidir. Çünki, əsrin əvvəlində olan partiya ilə bunlar eyni ideologiyanı, xətti, mövqeni real siyasi fəaliyyət normalarını daşımırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB