Fərasət Qurbanov: "Əminəm ki, hesabatlar ermənilərin diqtəsi ilə hazırlanır" Açıqlama
"Beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartlar tətbiq etməsi yeni hadisə deyil. Belə ki, hər il ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən müxtəlif ölkələrin vətəndaş cəmiyyəti, eləcə də həmin dövlətlərin mənzərəsi haqqında hesabatlar hazırlanır və internet vasitəsilə bütün dünyaya yayımlanır". Bu fikirləri SİA-ya açıqlamasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib.
Onun sözlərinə görə, artıq bir çox tanınmış təşkilatların hazırladığı hesabatlar ictimaiyyət üçün heç bir əhəmiyyət kəsb etmir: "Hazırlanan hesabatların hər birində ölkəmizə qarşı qərəzli yanaşmanın və informasiyaların təhrif olunduğunun şahidi oluruq. Azərbaycanda həm demokratik dəyərlərin, həm də iqtisadi inkişafın olmasına baxmayaraq, təşkilatın hesabatı sanki bir nəfər üçün hazırlanır. Dəyişən isə, ancaq tarixlərdir".
F. Qurbanov deyib ki, hesabatda yer alan məqamlar və tənqidi fikirlər hər zaman olduğu kimi, təkrarlanır: "Təbii ki, bu kimi hesabatların heç biri həqiqəti əks etdirmir. Həmin təşkilatlar belə addımlarla ilk növbədə öz imiclərinə zərbə vurmuş olurlar. Cəmiyyətin bütün üzvləri dərk edirlər ki, onların hazırladıqları hesabatlar ciddi sənəd deyil. Hesabatlar hazırlanarkən nəinki fərqli mənbələrdən, hətta heç bir mənbədən məlumat almırlar. Hesabatlardakı fikirlər onların öz düşüncə tərzidir. Hesabatı görmək istədikləri kimi hazırlayır və təsdiq edirlər".
İcraçı direktor hesab edir ki, bu cür təşkilatlarda Azərbaycanı sevməyən qüvvələr cəmləşib: "Əminəm ki, həmin təşkilatların hesabatları ermənilərin diqtəsi ilə hazırlanır. Son günlər regionda baş verən hadisələr onu göstərir ki, beynəlxalq təşkilatların hesabatlarına istinad etmək mənasızdır".
Fərasət Qurbanov onu da qeyd edib ki, Ukrayna hadisələrinə görə Rusiyaya qarşı ciddi sanksiyaların tətbiq olunmasına baxmayaraq, ölkəmizin 20 ildən çoxdur işğal olunan ərazilərini geri qaytarmayan ermənilərə qarşı heç bir addım atılmır: "Bu da o deməkdir ki, dünyanın aparıcı gücləri terrorçulara, işğalçılara müəyyən mənada fərqli yanaşırlar. Hər kəs dərk edir ki, Azərbaycanla bağlı qəbul olunan qərarlar yalnız qərəzli xarakter daşıyır".
O, həmçinin deyib ki, ölkədə fəaliyyət göstərən QHT-lər ikili standartlarla bağlı bütün siyasi qurumlara, eləcə də Avropa Şurasına, BMT-yə müraciətlər ünvanlanmalıdır: "Leyla Yunusa gəlincə, o, qanunları pozub. O, QHT üzvü kimi deyil, qanuna əməl etməyən Azərbaycan vətəndaşı kimi saxlanılıb və araşdırmalar aparılır. Nəticələr açıqlanmamış və rəsmi mövqe sərgilənməmiş bəzi beynəlxalq təşkilatlar bu məsələni siyasiləşdirərək Azərbaycana təzyiq etmək istəyirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB