Hikmət Hacıyev: “Ermənistanda kriminal oliqarx rejim hakimiyyətdədir” AÇIQLAMA
"Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində işğalçı ölkə tərəfindən qeyri-konstruktiv mövqe nümayiş etdirilir". Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan təxribatçı addımlar vasitəsilə hər vəchlə münaqişənin həlli prosesinə əngəl yaratmaq istəyir: "Təbii ki, burada da əsas amillərdən biri odur ki, Ermənistanda kriminal oliqarx rejim hakimiyyət başındadır və ölkə hərbi diktatura qaydaları ilə idarə edilir. Beləcə, rəsmi İrəvan da hərbi diktatura qaydalarından çıxış edir. Hesab edirəm ki, mövcud olan kriminal oliqarx rejim heç bir halda münaqişənin həllinə töhfə verməyə çalışmır, əksinə prosesləri dərinləşdirməyə üstünlük verir. Təbii ki, bu da həmin rejimin və onun rəhbərliyində dayanan şəxslərin təbiətindən, əməllərindən, eləcə də onların mahiyyətindən irəli gələn məsələlərdir. Gördüyünüz kimi, bu rejimin fəaliyyəti nəticəsində də Ermənistan xalqı özü də onun əsirinə çevrilib. Təbii ki, bu özü də işğalçı ölkənin gələcək taleyini təhlükəyə doğru aparır. Bildiyiniz kimi, bu gün Ermənistanda kütləvi miqrasiya halları özünü göstərir. Artıq rəsmi İrəvan demoqrafik təhlükə səviyyəsindədir. Bu gün Ermənistanın iqtisadiyyatı tənəzzül vəziyyətindədir hətta deyərdim ki, böhrana doğru sürüklənir. Bununla belə, yoxsulluq ən ifrat həddə çatıb. Ermənistanın daxilində gedən proseslər artıq göz önündədir".
H. Hacıyev bildirib ki, bu gün Azərbaycanın çox güclü ordusu var:"Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında da qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı bizim ordumuzla fəxr hissi duya bilər. Bu mənada Azərbaycan ordusu Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazırdır və regionun ən qüdrətli ordularından biridir".
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclasda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından təəssüfləndiyini deyən dövlətimizin başçısı qeyd edib ki, mövcud status-kvonun yolverilməzliyi ilə bağlı səslənən fikirlərə Ermənistan məhəl qoymur, bu fikri səsləndirən qüvvələr isə təsirli addımlar atmır. Buna baxmayaraq, Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir, ordu quruculuğu yüksək səviyyədə həyata keçirilir. Təsadüfi deyil ki, üçüncü rübdə təmas xəttində baş verən hadisələr zamanı Azərbaycan Ordusu düşmənə layiqli cavabını verdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB