Əkbər Qoşalı: “Türkiyənin gücünə inanırıq”

Əkbər Qoşalı: “Türkiyənin gücünə inanırıq”

Türkiyədə İŞİD terror təşkilatının Suriyanın Kobani bölgəsinə hücumu ilə bağlı olaraq icazəsiz mitinqlər təşkil edilib. SİA-nın məlumatına görə, ölkənin müxtəlif yerlərində keçirilən aksiyalarda 12 nəfər həyatını itirib. Hadisə ilə bağlı olaraq açıqlama verən Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı qardaş ölkədə cərəyan edən hadisələri təəssüf hissi ilə qarşıladığını bildirib.

Onun sözlərinə görə, Suriyanın Kobani bölgəsində baş verən qarşıdurmalar Türkiyə üçün arzuolunmaz vəziyyətdir: "Qardaş ölkədə baş verən son olayları çox üzüntü ilə izləməkdəyik. Təəssüf hissi ilə qeyd etməliyik ki, İŞİD terror təşkilatının törətmiş olduğu hadisələr öz təsirlərini qardaş ölkədə göstərir. Suriyanın Türkiyə ilə sərhəd yaşayış məntəqələrindən biri olan Kobani son vaxtlar mətbuatın diqqətindədir. Burada qətillər törədildi, yanğınlar və dağıntılar oldu. Yaşayış məntəqəsi işğal olunduqdan sonra burada yaşayan əhali Türkiyə sərhədini keçməyə çalışdı və sərhədi keçənlərin sayı durmadan artır".

Kobanidəki hadisələri bəhanə edərək Türkiyədə çaxnaşma yaratmaq məqsədi ilə küçələrə çıxan insanları fürsətçi adlandıran Milli QHT Forumu İdarə Heyətinin üzvü məsələ ilə bağlı fikirlərinə bunları əlavə edib: "İŞİD terror təşkilatının törətdiyi dağıntıların, həmlələrin təzahürləri təəssüf ki, qardaş ölkənin sərhəddi daxilinə keçib. Göz önündədir ki, terror təşkilatı dağıntı yaradır, yaşayış məntəqəsini işğal edir, insanları öldürür, öz doğma yerlərindən didərgin salır. Nəticədə, başqa bir ölkə deyil, məhz Türkiyə bu terrorun nəticələrindən təsirlənir. Suriya ilə sərhəddə yerləşən bir sıra yaşayış bölgələrində fövqəladə vəziyyət elan olunub. Çaxnaşmalar nəticəsində ölənlər və yaralananlar var. Biz istəməzdik ki, Türkiyənin "ayağına daş dəysin". Dağıntıların olması, insanların həlak olması çox acıvericidir. Biz Türkiyənin gücünə, qüvvəsinə inanırıq və bilirik ki, indiyə qədər keçirdiyi bir sıra üzüntülər kimi, bunu da müvəffəqiyyətlə geridə qoyacaq".

İŞİD terror qruplaşmasının bölgədə genişmiqyaslı əməliyyatlarda tək olmadığını bildirən Əkbər Qoşalı bəzi ölkə və təşkilatların onların arxalarında olduğunu vurğulayıb: "Türkiyə böyük və güclü ölkədir. Ancaq bəzən böyük ölkəyə də böyük problemlər yaşatmaq istəyən güclər var. İŞİD təkcə onun üzvlərinin yaratmış olduğu bir qruplaşma deyil. Böyük ehtimal var ki, İŞİD-in arxasında duran güclər var. Bir sıra böyük dövlətlərin, beynəlxalq güclərin maraqları orada kəsişir. Bu mənada Azərbaycanımızın, Türkiyənin, Türk Dünyasının bu bəlalardan siğortalanmasını, itkisiz çıxmasını arzu edirik. Bu hadisələr respublikamızdan çox uzaqdadır. Türkiyədə baş verən hadisələr bizi də kədərləndirir. Eyni zamanda İraqda, Suriyada həlak olan türkmənlər də bizim soydaşlarımızdır. Onların başına gələn müsibətləri biz də ürəyimizdə hiss edirik. Bir an öncə İŞİD-in malik olduğu bütün imkanlardan təcrid olunmasını arzu edirik".

Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu deyən Milli QHT Forumu İdarə Heyətinin üzvü, qardaş ölkədəki PKK terror təşkilatının da hadisələrdən bəhrələnmək istədiklərinin açıq-aşkar ortada olduğunu bildirib: "Qardaş ölkədə İŞİD-in bu hərəkətindən ilhamlanan, guya ona qarşı olan, bəzən öz məqsədlərini İŞİD pərdəsi altında gizlədən PKK terror təşkilatına xidmət edən insanlar artıq müəyyən ixtişaşlar törətməyə çalışırlar. Bunun nəticəsində, dövlət orqanları duruma əl qoymağa məcbur olur. Bizim burada tək çarəmiz qardaş Türkiyənin yanında olmağımızdır".

Bütün xəbərlər Facebook səhifəmizdə