Azay Quliyev ATƏT-in payız sessiyasında çıxış edib

"Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki hazırkı vəziyyət regionda sülh və sabitlik üçün təhlükəlidir"
Azay Quliyev ATƏT-in payız sessiyasında çıxış edib

ATƏT Parlament Assambleyasının Cenevrədə keçirilən payız sessiyasında qurumun siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü, Milli Məclisin deputatı Azay Quliyev çıxış edərək ATƏT-ə verilən mandatın bu təşkilat tərəfindən səmərəli yerinə yetirilməsinə əngəl yaradan bir çox yeni problemlərin mövcud olduğunu deyib. O, bu problemlər arasında Helsinki Yekun Aktının təməl prinsiplərinin selektiv təhrifini, beynəlxalq münasibətlərdə güc və təhdid hallarının sayının artmasını, həmçinin ATƏT–ə üzv ölkələrdə uzun sürən münaqişələrin yer aldığını qeyd edib.
A.Quliyev deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yaranmış hazırkı durğun vəziyyət regionda sülh və sabitik üçün çox təhlükəlidir. Ermənistan ordusunun işğal olunmuş torpaqlardan çıxarılması və Azərbaycan əhalisinin öz evlərinə geri qayıtmaları bu münaqişənin həlli üçün irəliyə addım olar. Bu, həmçinin Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında etimad mühitinin yaranmasına kömək edəcək. Bu isə özlüyündə davamlı sülhyaratma istiqamətində çox önəmli amildir. Hazırda dörd mindən artıq azərbaycanlı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində əsir götürülüb və itkin düşüb. Onların 600-ə yaxını qadınlar və yaşlılardır.
A.Quliyev bildirib ki, təhlükəsizliyimizə olan təhdidlər bizi bir-birimizdən ayırmamalıdır, əksinə bunlar bizi əvvəl olduğundan daha çox birləşdirməlidir. Biz resurslarımız və güclü qətiyyətimizlə bütün problemlərin səmərəli həllinə nail ola, ATƏT ərazisində sülh və təhlükəsizliyi təmin edə bilərik.

Bütün xəbərlər Facebook səhifəmizdə