IV Bakı Beynəlxalq Humanitar Forumun iştirakçıları təəssüratlarını SİA ilə bölüşüb:
.jpg)
Rusiyanın İTAR-TASS agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman: "IV Bakı Beynəlxalq Humanitar Forumu artıq günü-gündən öz nüfuzunu artırır, yüksəldir və elm adamlarının toplandığı bir məkana çevrilib. Bu forumun tərkibində bir çox mövzularda dəyirmi masalar keçirilir. Həmin dəyirmi masalar çox maraqlı və dünya üçün əhəmiyyətlidir. İndiki zamanda müasir media adı altında dəyirmi masaların keçirilməsi çox vacibdir. Çünki artıq həyatımıza rəqəmsal texnologiyalar daxil olub. Amma biz Azərbaycan, Rusiya cəmiyyəti olaraq bu texnologiyaların tam istifadəsinə yiyələnməmişik".

Türkiyə Jurnalistlər Federasiyasının (TJF) prezidenti Atilla Sertel: "Türkiyədə Dağlıq Qarabağ problemi və Xocalı soyqırımının işıqlandırılması ilə əlaqədar bir çox işlər görülüb. Lakin təbii ki, bu, kifayət edəcək səviyyədə deyil. Dağlıq Qarabağ problemi Türkiyə mediasında kifayət qədər işıqlandırılmır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəlincə, işğal edilmiş torpaqlar o bölgədə yaşayan xalqın, azərbaycanlıların torpaqlarıdır. Bu problemin həll yolu mütləq araşdırılmalı və tapılmalıdır. Bunu isə jurnalistlər deyil, siyasi iqtidarlar tapmalıdırlar. Xocalı soyqırımının üzərindən 22 il keçməsinə baxmayaraq, o faciə hələ də xatırlanır. Bu acı xatirələr yaşanırsa, deməli, müharibələr özündən sonra yalnız acılar buraxır".

Qazaxıstanlı jurnalist İlka Kasımov: "Məni IV Bakı Beynəlxalq Humanitar Forumuna Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dəvət edib. Forumun təşkilatçılığını çox yüksək qiymətləndirirəm. Düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Forum qarşısında qoyulan məqsədlər və tapşırıqlar uğurla yerinə yetirilib. Artıq Bakıda dördüncü dəfədir ki, bu Forum təşkil olunur. Forumda çox maraqlı və intellektual şəxslər iştirak edirlər ki, onlar sabitliyi və təhlukəsizliyi bütün dünyada möhkəmləndirsinlər. Çox sevindirici haldır ki, qardaş ölkə olan Azərbaycan bu Forumun təşkilatçılığını öz üzərinə götürüb".

İtaliyanın AGI agentliyinin Baş icraçı direktoru Cianni Di Ciovanni: "Bakı çox gözəl şəhərdir. Mən üç il bundan əvvəl Azərbaycanda olmuşam. Deyə bilərəm ki, şəhəriniz müsbət mənada çox dəyişib. Ümid edirəm ki, Forum iqtisadiyyatın, mədəniyyətin, eləcə də Avropa və İtaliya dövlətinin inkişafında müstəsna əhəmiyyətə malik olacaq. Burada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi müzakirə olundu. Dağlıq Qarabağ probleminin həlli vacib məsələdir və dünya üçün xüsusi əhəmiyyətlidir. Düşünürəm ki, bu məsələdə medianın mətbuatın rolu böyükdür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB