TJF prezidenti: "Dağlıq Qarabağ probleminin həll yolu tapılmalıdır"
"Türkiyədə Dağlıq Qarabağ problemi və Xocalı soyqırımının işıqlandırılması ilə əlaqədar bir çox işlər görülüb. Lakin təbii ki, bu, kifayət edəcək səviyyədə deyil". SİA-nın məlumatına görə, bunu IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirakı zamanı Türkiyə Jurnalistlər Federasiyasının (TJF) prezidenti Atilla Sertel jurnalistlərə açıqlamasında deyib.
TJF prezidentinin sözlərinə görə, Dağlıq Qarabağ problemi Türkiyə mediasında kifayət qədər işıqlandırılmır: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəlincə, işğal edilmiş torpaqlar o bölgədə yaşayan xalqın, azərbaycanlıların torpaqlarıdır. Bu problemin həll yolu mütləq araşdırılmalı və tapılmalıdır. Bunu isə jurnalistlər deyil, siyasi iqtidarlar tapmalıdırlar. Xocalı soyqırımının üzərindən 22 il keçməsinə baxmayaraq, o faciə hələ də xatırlanır. Bu acı xatirələr yaşanırsa, deməli, müharibələr özündən sonra yalnız acılar buraxır".
TJF rəhbəri Türkiyənin "İslam Dövləti"nə qarşı koalisiyaya qoşulması məsələsinə də münasibət bildirib: "Türkiyənin hazırda savaşa və müharibə gedən torpaqlara cəlb edilməsi məsələsi müzakirə edilir. Bununla bağlı qanun, qərar da qəbul edildi. Türkiyə müharibəyə müdaxilə edərsə, biz onun içindən çıxa bilmərik. Yaxın Şərq bataqlıqdır. Bizə o müharibədə çox zərər dəyə bilər. Buna görə narahatlıq keçiririk. Hesab edirik ki, jurnalistlər belə məsələlərdə sülh dili tətbiq etməli və ən önəmlisi isə müstəqil şəkildə yaza bilməlidirlər. Heç də dünyanın bütün ölkələrində jurnalistlər fikirlərini azad şəkildə ifadə edə bilmirlər. Mən Türkiyə Jurnalistlər Federasiyasının (TJF) prezidenti olaraq bildirirəm ki, jurnalistlərin azadlığı əslində xalqın azadlığı deməkdir. Jurnalistlər sərbəst, azad şəkildə xəbər yaza bilməsə, xalq da azad ola bilməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB