"Musavat Partiyasının yeni və köhnə başqanları məndən xahiş etmişdilər ki, Musavatın qurultayından sonra meydana çıxan diskussiyalarla bağlı mövzularda polemikaya son verim, mən də onlarla razılaşmışdım. Amma biri məni tərbiyəsiz adlandırır, başqa birisi şəxsiyyət olmadığımı deyir, partiya rəhbərliyindən heç kəs də bunlara cavab vermir, onda pardon, mən niyə bunlara cavab verməməliyəm?". SİA xəbər verir ki, bu fikirləri "Əhrar" Partiyasının sədri, Müsavat Partiyasına yeni seçilmiş başqan Arif Hacılının qardaşı Vaqif Hacıbəyli digər müsavatçı funksioner - başqanlığa namizəd olmuş Qubad İbadoğlunun tərəfdarı Vurğun Əyyubun onu tərbiyəsiz adlandırmasına "facebook" vasitəsilə yazdığı münasibətində bildirib.
Vaqif Hacıbəyli yazıb: "Vurğun Əyyubun mənə qarşı olan iddialarına aydınlıq gətirmək üçün bildirirəm ki, 2003 cü il oktyabrın 19 və 20-də mən həbsdə olmuşam. Oktyabrın 22-də həbsdən buraxılandan sonra bütün məhbuslar həbsdən azad olunana kimi il yarım ərzində demək olar ki, hər gün heç bir təmannasız daim Musavat Partiyasında qara fəhlə kimi çalışmışam. Vurğun Əyyub gözəl bilir ki, qərargahla bağlı, Musavata qarşı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən irəli sürülən bir milyonluq mülki iddia ilə bağlı məhkəmələrdə onun imzaladığı etibarnamə əsasında Musavat Partiyasını təmsil etmışəm və mənə heç bir təlimat verilmədiyi halda, bütün məsuliyyəti öz üzərimə götürərək Musavatı AMİP və AXCP kimi qərargahsız qalmaq aqibətindən xilas etmişəm, mülki iddianın isə baxılmadan saxlanmasına nail olmuşam."Azadlıq" qəzeti redaksiyasında keçirilən tədbirin təşkilatçılığını və aparılmasını həyata keçirmişəm,orada təqdim etdiyim 15 səhifəlik geniş məruzədə hadisərə siyasi qiymət vermişəm və həmin məruzənin mətnini xarici dillərə çevirib bütün dünyaya yaymışam".
"Çətin günlərdə Vurğun Əyyub ortada olmayıb, olubsa da statist rolunda olub"
"Musavat Partiyası öz yeni qərargahında 15 oktyabr məhbuslarının müdafıə komitəsini yaratdı və mən həmin komitənin sədri seçildim"-deyə yazan "Əhrar" Partiyasının sədri onu da bildirib ki, Vurğun Əyyub gözəl bilir ki, həmin komitədə ondan başqa heç kəs yox idi. Belə ki, Vaqif Hacıbəyli komitədə təmsil olunmayanları qorxaq adlandırıb: "Heç kəs adını ora yazdırmaq istəmədi. Çünki qorxdular…Musavat Partiyası üçün həmin çətin günlərdə Vurğun Əyyub ortada olmayıb, olubsa da statist rolunda olub, heç bir məsələnin məsuliyyətini öz üzərinə götürməyib. Qubad İbadoğlu isə heç statist kimi də ortada olmayıb".
Vaqif Hacıbəyli Vurğun Əyybubu və Qubad İbadoğlunu xəstə olmasına rəğmən, ona diqqət göstərmədiklərini də xatırladıb: "Keçək xəstəlik məsələsinə. Bəli, mənim səhhətimdə müəyyən problemlər var, ağır formada şəkərli diabetdən əziyyət çəkirəm, gündə üç dəfə insulin vururam. Bir il əvvəl ürəyimdə aorta koranar şuntlama əməliyyatı olub. Hal hazırda da, aorta damarının daralması diaqnozu ilə ölkədən xarıcdə müalicədəyəm. Amma həyatım üçün heç bir təhlükə yoxdur. Bunu narahat ola biləcək dostlar üçün deyirəm. Həmin o şəkər xəstəliyini də 2004- cü ildə, aylarla davam edən məhkəmələrdə keçirdiyim stresslə bağlı tapdım,Vurğun bəy. Çünki nə sən, nə Qubad İbadoğlu epizodik hallar istisna olmaqla oralarda ümumiyyətlə gözə dəymədiniz".
"Tərbiyəsizlik hərəkatda olan yoldaşların barədə istintaqa yalan ifadə verməkdi, onlar barəsində şər-şəbədə danışmaqdı"
Vaqif Hacıbəyli Vurğun Əyyuba eyham vuraraq, vaxtilə onun öz yoldaşlarını istintaqa yalan ifadə verməkdə suçlayıb: "İndi də keçək tərbiyədəki qüsurlar məsələsinə.Tərbiyəsizlik hərəkatda olan yoldaşların barədə istintaqa yalan ifadə verməkdi, onlar barəsində şər-şəbədə danışmaqdı.Tərbiyəsizlik nümunəvi keçən bir qurultaydan sonra səsvermənin nəticələrinə kölgə salıb, qurultayın qəbul etdiyi qərarları legitim saymıram bəyanatını verməklə partiyanın nüfuzuna sağalmaz zərbə vurmaq hikkəsini nümayiş etdirməkdi. Qubad İbadoğlunu müdafiə etmək sənin hüququndu və seçkiqabağı kampaniyadakı fəaliyyətinlə bağlı mən heç bir mənfi fikir söyləməmişəm. Mənim etirazım qurultaydan sonrakı qeyri-sağlam mövqelərlə, həm də Qubad İbadoğlunun "mən Musavat rəhbərliyinə qarşı mübarizədə uduzdum" mülahizəsi ilə bağlı olub. Mən bildirmişəm ki, bu mülahizə həqiqətə uyğun deyil.Vəssalam. Öz mülahizəmi isə faktlarla sübut etmişəm. Qubad İbadoğlunu dəstəkləyən və rəhbərlikdə təmsil olunan 36 nəfərin siyahısını mətbuatda çap edən mən deyildim ki? Mən bu olaya münasibət bildirmişəm. Mənim mülahizələrimdə razı olmadığınız məqamlar varsa, ortaya arqument qoyun. Buna görə məni tərbiyəsiz, mənəvi haqqı olmayan və sair adlandırmağın özü sizin hansı tərbiyənin və hansı mənəviyyatın sahibi olduğunuzu çox bariz nümayiş etdirir. Məncə əlavə şərhə ehtiyac yoxdur".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB