"Dağlıq Qarabağ münaqişəsinin acısını duyuruq"

"Dağlıq Qarabağ münaqişəsinin acısını duyuruq"

Bu gün IV Bakı Beynəlxalq Forumu çərçivəsində gənclər və idman naziri Azad Rəhimovun moderatorluğu ilə panel təşkil edilib. SİA-nın xəbərinə görə, paneldə çıxış edən Estoniyanın keçmiş prezidenti Arnel Rütel bildirib ki, biz dünyada zorakılığın şahidi oluruq:"BMT-nin statistikasına əsasən son 40 ildə yoxsul ölkələrin sayı 2 dəfə artıb. 20 ölkədə ərzaq çatışmazlığı var. Artıq aclıqdan əziyyət çəkənlərin sayı 1 milyard nəfərə çatır. Proqnozlara əsasən dünyanın əhalisi 2030-cu ildə 8,2 milyard nəfərə çatacaq. Yer kürəsiindəki torpaqlardan səmərəli istifadə edilsə, bu əhalini qida ilə təmin etmək mümkün olar. Bizim gələcəyimiz qaydalar üzərində rpazılığa gəlməyimiz ilə bağlıdır. Əvvəllər davamlı inkişaf cəmiyyət və təbiət arasında ahəngdarlığı nəzərdə tuturdu, bu gün isə cari və gələcək nəsillərin tələbatına cavab verməyi nəzərdə tutur. Bunun üçün cəmiyyəti səfərbər etməli, ekoloji balansı və mədəni müxtəlifliyi qorumalı, rifahı təmin etməliyik".

Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiç bildirib ki, Üçüncü Dünya Müharibəsinə yol verməməliyik:"Qərb və Şərq arasında əvvəllər balans var idi, indi Qərb daha üstün mövqedədir. İnteqrasiya prosesindən kənarda qalmaq olmaz. Avropanın qarşısında duran əsas məqsəd yeni müharibənin qarşısının alınmasıdır. Helsinki Prinsipi əsas götürülməli və Şərq və Qərb arasında etimadın təmin edilməsində sərhədlərin toxunulmazlığı əsas rol oynamalıdır. Son 20 ildə biz olduqca kritik bir vəziyyətə düşmüşük. Qarşılıqlı etimadın möhkəmlənməsi əvəzinə əks meylləri müşahidə edirik. Avropa Birliyinin standartlarının qəbul olunmasına baxmayaraq, Avropa daxilində qütbləşmə artmaqdadır. Bu, Rusiya münasibətlərində müşahidə olunur. Çox təhlükəli meyllər var, sovet dövründən qalan streotiplər baş qaldırıb. NATO daxilində də artıq deyirlər ki, düşmən Moskvada yerləşir. Bu məsələlər bizi narahat edir.Əgər Rusiya Qərbdən hər hansı ölkəni cəlb etmək üçün onu həvəsləndirsə idi, Qərb buna necə qarşılayardı?! Bu suala cavab tapmaq da vəziyyətdən çıxış yolu tapmaq üçün vacibdir. Hər bir ölkənin öz maraqları var. Avropada etimada əsaslanan münasibətlər mövcud deyil. Avropanın gələcəyi Rusiyanın iştirakı olmadan mümkün deyil. Demokratik dünyanın Rusiya ilə toqquşması baş verir. ABŞ Konqresində Rusiya ilə bağlı qəbul edilən qərarların mənası nədir? İraqda, Əfqanıstanda sabitlik bərpa olunubmu? Hər kəs öz taleyini özü həll etməlidir. Dövlətlər arasında etimadın bərpa vacibdir".

Latviyanın keçmiş prezidenti Valdis Zatlers qeyd edib ki, İslam və xristian aləmləri arasında hərbi və humanitar münaqişə yoxdur:" Xristianlıq və islam özlərində sülhü əks etdirən dinlərdir. Avropanın müxtəlif ölkələrində 16-cı əsrdə dini toqquşmalar baş verib. Biz keçən əsrdə Yuqoslaviyadakı müharibəni də gözləmirdik. İndi isə Ukraynada müharibə gedir. Niyə müharibələrin sayı çoxdur? Müharibəni dayandıracaq siyasətçilər o qədər də uzaqgörən deyillər. Biz Dağlıq Qarabağ münaqişəsinin acısını duyuruq. İşğal olunmuş ərazilərdə ailələrin evlərindən məhrum olunduğunu, abidələrin dağıdıldığını eşidəndə acı duyuruq. Biz irəli getməli, Dağlıq Qarabağ münaqişəsi və digər münaqişələr həllini tapmalıdır".

Litvanın sabiq dövlət başçısı Yautas Landsberqis lokal müharibələrdə əldə olunan uğurların yeni müstəmləkə ruhunun bərpa edilməsinə yönəldiyini söyləyib: "Azərbaycan idarəçilik məsələsinə görə vaxtaşırı tənqid olunur. Ancaq nəzərə almırlar ki, Azərbaycanın ərazisi işğal olunub, Avropa ilə əməkdaşlıq nümunəsi nümayiş etdirir, bir çox müsbət nümunələrə imza atıb. Ona görə də hərbi münaqişənin qarşısının alınması üçün səylərin artırılması vacibdir. Azərbaycanın müsbət töhvələri çoxdur, Avropanın enerji təhlükəsizliyinə çalışır, islam dünyası ilə əlaqədə mühüm rol oynayır. İnanıram ki, Azərbayan bir çox örnək nümunələr göstərəcək".

İtaliyanın sabiq baş naziri Enriko Leta söyləyibki sülh və sabitliyi təmin etmək üçün Avropa Birliyinin güclü olması vacibdir: "Avropa yenə də dərin böhrandadır. İqtisadi, maliyyə böhranı işsizlik və digər problemlərə yol açdı. Biz Avropa Birliyində rəqəmsal iqtisadiyyatı qurmalı, işsizliyi aradan qaldırmalıyıq. Biz artıq yeni eraya qədəm qoymalıyıq ki, Avrasiyada sülh və sabitlik olsun. Biz bilirik ki, Azərbaycan bu istiqamətdə necə çalışır. Ona görə də sosial və iqtisadi sahədə əməkdaşlığı genişləndirməliyik. Biz şadıq ki, Azərbaycan Avropa əməkdaşlığında iştirak edir. Ona görə də bu günkü Forum çox vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə