“Milli Şura”nın mitinqi beynəlxalq təşkilatlara tezis verməyə hesablanıb” AÇIQLAMA

“Milli Şura”nın mitinqi beynəlxalq təşkilatlara tezis verməyə hesablanıb” AÇIQLAMA

"Azərbaycanda "Milli Şura" adlı qurum mövcud deyil. Rusiyanın 2013-cü ildə Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə yaratdığı "Milli Şura" çoxdan dağılıb. Hazırda yerdə qalan bir-iki nəfər yalnız Əli Kərimlinin şurasının üzvləridir". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı "Milli Şura"nın oktyabrın 12-nə planlaşdırdığı mitinqə münasibət bildirərkən deyib.

Sədr müavininin sözlərinə görə, "Milli Şura" ilə bağlı daha çox Əli Kərimli bəyanat verir, nəinki onun "sədri" Cəmil Həsənli: "Bu şəxs faktiki olaraq Ə.Kərimlinin şöbə müdiri vəzifəsini icra edir. Yəni, 2013-cü il prezident seçkiləri ərəfəsində yaradılan "Milli Şura"dan orada heç kim qalmayıb. Hesab edirəm ki, bu məqamda Əli Kərimlinin "mitinq çağırışı" etməsi təsadüfi deyil. Bu, sadəcə olaraq AXCP sədri tərəfindən bilərkdən gündəmə gətirilən prosesdir. Bu gün Azərbaycan dövləti ilə bağlı bir çox beynəlxalq təşkilatlarla münasibətlər gərgin vəziyyətdədir. Bu təşkilatların Azərbaycanla bağlı bəzən əmredici bəyanatları da olur. Təbii ki, həmin təşkilatların bu cür sərt bəyanatları qınanılmalıdır.

Bildiyiniz kimi, bu yaxınlarda beynəlxalq təşkilatların Azərbaycan Milli Məclisində təmsil olunan partiya sədrləri ilə görüşü oldu. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində ölkəmizdə bir milyondan artıq insanın hüququ pozulub. Buradan sual ortaya çıxır. Bəs niyə buna münasibət bildirmirsiniz və sərt mövqe ortaya qoymursunuz? Qonşu Gürcüstanda hazırda 100-dən artıq siyasi məhbus (QHT rəhbərləri, partiya mənsubları, jurnalistlər, bloqqerlər) var. Axı niyə buna qarşı Gürcüstanda sərt münasibət yoxdur, amma Azərbaycanda faktiki Vətənə xəyanətdə ittiham olunmuş, külli miqdarda vergidən yayınan QHT rəhbərlərinin həbs qəti imkan tədbiri seçilməsini faciə kimi qiymətləndirirsiniz?

Əslində Leyla Yunusun kim olduğunu hamı çox gözəl bilir. L.Yunusun bu gün həbsdə olması onun xeyrinə işləyən faktordur. Onu "qəhrəman" adlandıran Əli Kərimli və digərləri çox yaxşı bilir ki, AXCP sədrinin özünün hakimiyyətdə təmsil olunduğu vaxtda Leyla Yunus Müdafiə Nazirliyində işləyərkən xarici kəşfiyyat orqanlarına Azərbaycanla bağlı materiallar ötürürdü. Bu mənada hesab edirəm ki, "Milli Şura"nın mitinqi beynəlxalq təşkilatlara tezis verməyə hesablanıb".

Bütün xəbərlər Facebook səhifəmizdə