Əli Hüseynli: "Avropa Parlamentarizmi çökməkdədir"

Əli Hüseynli: "Avropa Parlamentarizmi çökməkdədir"

"Belə çıxır ki, Qərb dairələri barışıq adı altında Azərbaycanın milli təhlükəsizliyi əleyhinə fəaliyyət göstərən və erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən qeyri-hökumət təşkilatlarını dəstəkləyir". SİA-nın xəbərinə görə, bunu Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iclasın gündəliyinə salınan məsələlərdən bəziləri Avropa İttifaqına daxil olan ölkələrlə əməkdaşlığa aiddir: "Beləliklə görürük ki, Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə sıx əməkdaşlıq edir. Təəssüf ki, Avropa Parlamenti Azərbaycanla bağlı qeyri-obyektiv qərar qəbul edir. İclasda həmkarlarımın səsləndirdiyi kimi, qətnamənin qəbul edilməsində iştirak edən şəxslərin əksəriyyəti nəinki Azərbaycanda olmayıblar, hətta onlar fəaliyyətə yeni başlayıblar. Amma kimlərinsə göstərişi ilə Azərbaycanın adına qərarlar qəbul edirlər. Bu onun göstəricisidir ki, əslində Avropa Parlamentarizmi çökməkdədir".

Əli Hüseynli onu da qeyd edib ki, Azərbaycanla bağlı qərarların arxasında erməni lobbisi, digər hallarda isə Avropadan olan qüvvələr durur: "Təmsil olunduğumuz həm komitədə, həm də "Avronest" Parlament Assambleyası ilə əməkdaşlığımıza yenidən baxmalıyıq. Çünki, biz işləri tamamilə başqa şərtlər çərçivəsində başlamışdıq. İkinci qeyd etmək istədiyim məsələ isə həm ABŞ rəhbərliyi tərəfindən, həm də Avropa Parlamentində Azərbaycanda demokratiya və insan hüquqları ilə bağlı səsləndirilən qeyri-adekvat fikirlərdir. Bunların bir hissəsi QHT-lərlə bağlıdır. Belə çıxır ki, Qərb dairələri barışıq adı altında Azərbaycanın milli təhlükəsizliyi əleyhinə fəaliyyət göstərən və erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən qeyri-hökümət təşkilatlarını dəstəkləyir. Bu dözülməz haldır".

Bütün xəbərlər Facebook səhifəmizdə