Musa Quliyev: "Barak Obama Azərbaycan sözünü düzgün tələffüz etmədiyi halda..." Sərt mövqe
"ABŞ prezidenti Barak Obama Azərbaycan sözünü düzgün tələffüz edə bilmədiyi halda, ölkəmiz haqqında fikirlər səsləndirir və bu da təbii ki, heç bir həqiqəti əks etdirmir. Əslində, Barak Obama ona kömək edən qüvvələrin köməkliyi ilə daha obyektiv mövqe tuta bilərdi". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev ABŞ prezidenti Barak Obamanın Azərbaycandakı QHT-lərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan müstəqilliyini elan etdikdən bu günə qədər hər zaman demokratiya və insan hüquqlarına sədaqətini dəfələrlə nümayiş etdirib: "Azərbaycan Ermənistan istisna olmaqla, bütün ölkələrlə dostluq əlaqələrini qoruyub saxlaya bilib. Eyni zamanda Azərbaycan bütün dünyada sülhsevər ölkə kimi tanınır. 2 il bundan əvvəl BMT Təhlükəsizlik Şurasına sədrliyi zamanı iclasları yüksək səviyyədə idarə etməklə ölkəmizin yalnız ədalətin tərəfində olduğunu bir daha nümayiş etdirdi".
M. Quliyev həmçinin əlavə edib ki, Barak Obamanın ölkəmizdə QHT-lərin fəaliyyətinin guya məhdudlaşdırılması, onların azadlıqlarının, hüquqlarının pozulması ilə bağlı söylədikləri informasiyalar heç bir həqiqətə uyğun deyil: "Yəqin ki, bu məsələdə hansısa siyasi məqsəd güdülüb və bu da tək Azərbaycanla bağlı deyil. Amerikanın özünün başqa dövlətlərlə müəyyən problemləri olduğundan, çox güman ki, Azərbaycan haqqında fikirlər, məhz bu kontekstdən səsləndirilib. Reallığa gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycanın QHT-lərlə bağlı bir neçə qanunları mövcuddur. Həmin qanunlar da sırf beynəlxalq hüquq normalarına əsasən mükəmməl formada işlənib hazırlanıb".
"Əslində, Azərbaycan dünyanın yeganə ölkələrindən biridir ki, QHT-lərin fəaliyyəti üçün dövlət büdcəsindən ilbəil vəsait ayrılır"- deyən parlament rəsmisinin sözlərinə görə, həmin vəsaitin miqdarı ildən-ilə artır: "Eyni zamanda ölkəmizdə 5000-ə yaxın QHT sərbəst şəkildə fəaliyyət göstərir və yüz minlərlə insan burada çalışır. Qanun çərçivəsində fəaliyyət göstərən QHT-lərin dövlətlə heç bir problemi yoxdur".
"Bəzi beynəlxalq qrant təşkilatları var ki, onlar Azərbaycan kimi dövlətlərdə milli maraqlara xidmət edəcək layihələrə vəsait ayırmırlar. Onlar ən çox Azərbaycanda ənənələrin dağılması, insan haqlarının qorunması adı altında insan azlıqlarının üzə çıxarılması kimi layihələrə maliyyə vəsaiti ayırırlar. Bu günə qədər ölkəmizin inkişafı barədə heç bir layihə beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilməyib"- deyə, o, məsələ ilə bağlı fikirlərinə əlavə edib.
Millət vəkili Musa Quliyev onu da qeyd edib ki, ABŞ dövləti, eləcə də prezident Barak Obama obyektiv olsaydı, doğma yerindən, yurdundan didərgin düşmüş 1 milyondan artıq məcburi köçkün və qaçqınların haqqını müdafiə edərdi: "Bundan başqa, ermənilər tərəfindən işğal olunan Azərbaycan torpaqlarının geri qaytarılması uğrunda əməli tədbirlər görərdilər. Baxmayaraq ki, ABŞ BMT-nin 5 daimi üzvündən biridir, lakin Ermənistanın işğal etdikləri ərazilərdən qoşunlarının çıxardılması ilə bağlı qəbul edilən 4 qətnamənin icra olunması ilə bağlı heç bir iş görmür. Bununla yanaşı, ABŞ ATƏT-in həmsədr ölkəsi olaraq Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həll olunması istiqamətində heç bir ciddi addım atmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB