"Jirinovskinin bəyanatına ABŞ və Qərbdən reaksiya gələ bilər” SORĞU

"Jirinovskinin bəyanatına ABŞ və Qərbdən reaksiya gələ bilər” SORĞU

Bu gün Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirnovski Azərbaycana gəlib. İndiyə qədər Azərbaycana və Türkiyəyə qarşı qərəzli, kobud ifadələrlə çıxış edən rusiyalı siyasətçi Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarından sonra ölkəmizə qarşı xoş fikirlər səsləndirib. Bunun ardınca isə onun Azərbaycana ilk səfəri baş tutub. SİA Azərbaycan siyasətçilərinin Vladimir Jirinovskinin səfəri barədə fikirlərini öyrənib:

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə: "Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirnovski uzun zaman Azərbaycana qarşı qeyri-obyektiv mövqe tutan siyasətçi olub. Ancaq, son zamanlar onun Azərbaycanla bağlı səsləndirdiyi fikirlərdə müəyyən dəyişikliklər hiss olunur. Hesab edirəm ki, onun Azərbaycana səfəri ölkəmizi yaxından tanımağa, görməyə və məlumatları birinci əldən almağa imkan verəcək. İnanımıram ki, məhz bu səfərdən sonra o, əvvəlki kimi Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirsin. Azərbaycanın qüdrəti, nüfuzu və dünya siyasətində çəkisi ildən-ilə artmaqdadır. Ölkəmiz yalnız regionun yox, böyük bir bölgənin aparıcı dövlətlərindən biridir. Bu baxımdan Azərbaycanın nəaliyyətlərini, uğurlarını görməmək mümkün deyil. Hesab edirəm ki, Jirinovski kimi bir insanın öz fikirlərində dəyişiklik etməsi, Azərbaycanı görmək istəməsi Azərbaycanın fəaliyyətinə verilən qiymətdir. Azərbaycanın ən kəskin tənqidçilərinin ölkəmizlə bağlı fikirlərini dəyişməsi birinci dəfə deyil. Bu ,Azərbaycanın gücünə, apardığı siyasətə verilən qiymət kimi hesab edilməlidir".

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa: "Siyasətdə əbədi düşmənlər yoxdur. Biz başqa ölkənin siyasətçisinə özümüzün məqbul saydığı əxlaq kodeksini qəbul etdirə bilmərik. Yəni, onların yanaşmaları fərqli ola bilər. Biz Ermənistana dəstək verən iranlı siyasətçiləri də xoş qarşılayırıq, çalışırıq ki, bizə düşmən mövqedən çıxış etməsinlər. Hesab edirəm ki, eyni qaydanı Rusiya siyasətçilərinə qarşı da nümayiş etdirməliyik. Vladimir Jirinovskinin bu səfərini normal qiymətləndirirəm. Bu səfər zamanı çalışmalıyıq ki, Jirinovskinin Azərbaycana yanaşma tərzi ən azı Rusiya miqyasında düşmənçilik səviyyəsində olmasın".

Milli Dirçəliş Partiyasının sədri, millət vəkili Fərəc Quliyev: "Jirinovski hər zaman Azərbaycana qarşı kobud rəftarı ilə tanınıb. Hesab edirəm ki, Vladimir Jrinovski Azərbaycana münasibətdə mövqeyini dəyişibsə, bu, yaxşı əlamətdir. Ancaq, ona lazım olduğundan artıq münasibət göstərməyə dəyməz. Sıradan bir Duma üzvü kimi qarşılayıb yola salmaq lazımdır. Onun kimi adamların fikirləri, danışıqları özlərindən asılı deyil, onlara müəyyən fikirləri dedizdirirlər. Jirinovskinin bugünkü mövqeyindən asılı olmayaraq, sabah onu istədikləri mövqedən, istədikləri şəkildə danışdıra bilərlər. Ona görə də Jrinovskinin nə gəlişinə, nə də özünə ciddi əhəmiyyət vermirəm".

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu: "Jirinovskinin Azərbaycana səfərini üç istiqamətdə dəyərləndirirəm. Birinci: Jirinovski Moskvadakı ermənilərlə bir yerdə Azərbaycan qarşı mübarizə aparan dəstənin içində idi. Ermənilərin əlaltısı, güclü anti-Azərbaycan ruporlarından biri idi. Jirinovski indi başa düşüb ki, ermənilər zəifləyir. Xüsusən Dumaya keçirilən son seçkilərdə Jirinovski ermənilərə arxalanıb. Bu hesaba da rus ictimaiyyəti onu qəbul etmədi və digər partiyalarla müqayisədə onun partiyasına verilə səslərin sayı xeyli azaldı. Bu mənim üçün etirafdır ki, Rusiya erməniləri, o cümlədən onların ən böyük ruporu Azərbaycana qarşı sona qədər mübarizə apara bilmədilər, gücümüzü dərk etdilər. İkinci: Jirinovski patriot, dünya miqyasında məşhur şəxsiyyətdir. Jirinovskinin Bakıda verəcəyi bəyanat Rusiya-Azərbaycan münasibətlərinin xeyrinə olacaq. Çünki, o, son dövrlər Rusiya-Azərbaycan münasibətlərini yaxşı mənada təsvir edir. Onun Bakıda verəcəyi istənilən bəyanat təkcə Ermənistanda deyil, regionun digər dövlətlərində də dərhal reaksiyalarla qarşılanacaq. Hətta, Jirinovskinin Bakıda verəcəyi bəyanata ABŞ və Qərbdən də reaksiya gələ bilər. Üçüncü: Jirinovski siyasətçidir. O, analitikası, təbliğatı və ritorikası ilə pul qazanır. Bu baxımdan ola bilər ki, öz xidmətlərini Azərbaycana təklif etsin. Rəsmi Bakı və ya ətrafında olan imkanlı biznesmenlər onun xidmətlərini qəbul edib-etməyəcəklərini deyə bilmərəm. Yəni, onun gəlişi Rusiyada Azərbaycanın təbliğatının güclənməsi istiqamətində öz xidmətlərinin təklifi deməkdir. Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasətin nəticəsidir ki, ən qatı düşmənlərimiz belə bu siyasi kursu qəbul edir".

Bütün xəbərlər Facebook səhifəmizdə