Azərbaycan və Moskva arasında memorandum imzalanıb FOTO

Azərbaycan və Moskva arasında memorandum imzalanıb FOTO

Sentyabrın 25-də Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov Moskva meri Sergey Sobyaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın xəbərinə görə, Yaqub Eyyubov Rusiya nümayəndə heyətinin Azərbaycana bu səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsinə böyük töhfə olacağını bildirib. O qeyd edib ki, Azərbaycan Prezidenti bununla bağlı konkret tapşırıqlar verib və danışıqlarda bu məsələlər də önə çəkiləcək. Rusiyanın Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu deyən Y.Eyyubov iki ölkə arasında əmtəə dövriyyəsinin yüksək olduğunu söyləyib. Baş nazirin birinci müavini Azərbaycanın Rusiyanın bir çox subyektləri ilə də sıx əlaqələr qurduğunu, bu sırada Moskvanın birinci yerdə durduğunu vurğulayıb.
Azərbaycan ilə Rusiya arasında çoxəsrlik əlaqələr olduğunu bildirən Sergey Sobyanin ölkələrimiz arasında ticarət dövriyyəsinin bu il 30 faiz artdığını bildirib. S.Sobyanin deyib ki, imzalanacaq sənədlər Azərbaycandan Moskvaya kənd təsərrüfatı məhsullarının çatdırılmasını sürətləndirəcək. Bu istiqamətdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Mer, eyni zamanda, Moskvanın Azərbaycanla turizm, mədəniyyət, şəhər abadlığı sahələrində də əməkdaşlığı genişləndirə biləcəyini söyləyib. O, imzalanacaq sazişlərin ikitərəfli əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini vurğulayıb.
Görüşdə Azərbaycan və Moskva hökumətləri arasında anlaşma və əməkdaşlıq haqqında memorandum, Azərbaycandan Moskvaya kənd təsərrüfatı məhsullarımın çatdırılması ilə bağlı iş adamları arasında ikitərəfli sazişlər imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə