Tamerlan Vahabov: “Sarkisiyan törətdiyi cinayətlərə görə Azərbaycan xalqı qarşısında cavab verəcək” AÇIQLAMA
"Xəzəryanı dövlətlərin görüşlərinin əsas məqsədi Xəzərin hüquqi statusunu müəyyən etmək üçün müzakirələr aparmaqdır. Hüquqi statusun müəyyən edilməsi də strateji resurslar olan neft və qaz yataqlarının istismarı və onların daha rahat əldə edilməsi ilə izah olunur". Bunu SİA-ya açıqlamasında politoloq Tamerlan Vahabov deyib.
O bildirib ki, hüquqi statusun müəyyənləşməsindən danışarkən keçmişə baxmağımız çox əhəmiyyətlidir: "Çünki bu məsələ ilə bağlı 2002-ci ildən görüşlər keçirilir və nəticədə bir çox sahədə nəaliyyətlər əldə olunub. Hərbi əməkdaşlıq sahəsində, digər xarici ölkələrin hərbi gəmilərinin Xəzərə buraxılmaması, flora və faunanın, ekologiyanın qorunması sahələrində bir çox addımlar atılıb. Yalnız bir əsas məsələ qalıb ki, bu da Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsidir. Bu görüşlərin davamlı şəkildə keçirilməsi bu məsələdə müəyyən inkişafın əldə edilməsinə bir işarədir. Azərbaycan da bu görüşlərdə layiqincə təmsil olunur və öz maraqlarını qoruyur".
Politoloq qeyd edib ki, bu məsələdə Azərbaycanın əsas problemi Türkmənistanla olan Kəpəz qaz yatağı barədədir: "Azərbaycanın strateji əhəmiyyəti artmaqdadır. Yeni layihələr həyata keçirir. Bakı-Tiblisi-Ceyhan, Bakı-Tiblisi-Ərzurumdan başqa TAP və TANAP kimi yeni layihələrə də imza atıb. Bunlar potensial olaraq gələcəkdə türkmən resurslarının Azərbaycan vasitəsi ilə Avropaya ötürülməsi üçün bir şans yaradır. Ona görə də Türkmənistan bu haqda fikirləşməlidir və fikrimcə Türkmənistan Azərbaycanın strateji əhəmiyyətini nəzərə alaraq gələcəkdə məcbur olacaq ki, Azərbaycanın maraqları ilə hesablaşsın".
Tamerlan Vahabov həmçinin, gələn ay planlaşdırılan Azərbaycan-Ermənistan prezidentlərinin görüşü barədə də fikir bildirib: "Sarkisyan kimi cinayətkar bir opponentlə görüşün taleyini əvvəlcədən bildirmək çətindir. Təbii ki Sarkisyan törətdiyi cinayətlərə görə Azərbaycan xalqı qarşısında cavab verəcək. Belə bir cinayətkarla görüşə razı olmaq onu göstərir ki, Azərbaycan sülhsevər ölkədir və konstruktiv şəkildə dialoq aparmağa çalışır. Bu görüş haqqında yalnız onu proqnoz etmək olar ki, Azərbaycan yenə də öz torpaqlarının ərazi bütövlüyü çərçivəsində münaqişənin həlli istiqamətində bütün addımların atılmasına və dialoqlar aparmasına hazır olduğunu açıq şəkildə ortaya qoyacaq".
Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB