Politoloq: “Həştərxan sammiti gərgin keçəcək” PROQNOZ

Politoloq: “Həştərxan sammiti gərgin keçəcək” PROQNOZ

"Rusiya Prezidenti Vladimir Putin Xəzəryanı ölkələrin dövlət başçılarını Həştərxana toplamaqla dünyaya təklənmədiyini bəyan etməyə çalışır". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Vladimir Putin sentyabrn 20-də Azərbaycanda Cənub Qaz Dəhlizinin təməlini atılmasından ciddi narahatçılıq keçirir: "20 sentyabrda Bakıda "Əsrin Müqaviləsi"nə oxşar bir mərasim keçirildi. Güman edirəm ki, belə bir mərasimin keçirilməsi Həştərxanda sammitin keçirilməsini zəruri edir. Təsadüfi deyil ki, bu mərasimdən sonra Putinin sözçüsü Dimitri Peskov Xəzərin statusu ilə bağlı qəribə bir mülahizə irəli sürdü. O bildirdi ki, Rusiya Xəzərin statusunun müəyyən edilməsinin tərəfdarı deyil. Guya, Xəzərin statusu 1943 cü ildə İranla SSRİ arasında imzalanmış müqavilə ilə müəyyənləşib. Birinci, SSRİ adlı dövlət artıq yoxdur. İkinci, müqavilə müharibədə qalib gəlmiş dövlətin məğlub olmuş dövlət üzərində üstünlüklərini əks etdirir və beynəlxalq hüquq normalarına uyğun deyildi. Ən başlıcası isə Xəzər hövzəsində yeni dövlətlər yaranıb və onların da maraqları var. Tutaq ki, iki dövlət arasında Xəzərin hüquqi statusu müəyyənləşib. Bəs onda Azərbaycan, Türkmənistan və Qazaxıstanın Xəzərdəki payı necə olacaq? Hesab edirəm ki, bunların hər biri Həştərxanda müzakirə ediləcək".

Politoloq bildirib ki, sammit öncəsi Rusiya mətbuatında bu ölkənin siyasilərinin verdiyi bəyanatlarda səslənən fikirlər destruktivdir: "Bu fikirlər Həştərxan sammitinin gərgin keçəcəyinə işarədir. Eyni zamanda Həştərxan görüşündə 2010–cu ildə Bakıda keçirilən sammitdə qəbul olunan qərarların icrası da yoxlanılacaq. Qeyd edim ki, Bakıda qəbul olunan qərarlardan biri Xəzərin ekoloji durumu ilə bağlı idi. Məlumdur ki, Türkmənistan öz qazını Azərbaycan qazına qoşaraq Avropa bazarlarına çıxarmaq istəyir. Yəni, Avropa istəyir ki. Rusiyanı öz bazarından bütövlüklə qovub çıxartsın. Əvəzində isə Türkmənistan və Azərbaycan qazını öz bazarına gətirsin. Rusiyada bunun müqabilində Xəzərlə bağlı öz maraqlarına hesablanmış qərarlar qəbul etmək istəyir. Ona görə də Həştərxan görüşü konstruktiv olmayacaq. Sözün həqiqi mənasında Rusiya Ukrayna ilə olan əhval-ruhiyyəni burada da tətbiq etməyə çalışacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə