Novruz Məmmədov: “Biz artıq birinci "Əsrin müqaviləsi"nin nəticələrini görürük” AÇIQLAMA
"Azərbaycan 20 ildən bir qədər artıq müddətdə 2-ci beynəlxalq əhəmiyyətli layihənin həyata keçirilməsi üçün imza atdı". SİA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Cənub Qaz Dəhlizinin təməlinin atılması ilə bağlı fikirlərini açıqlayarkən deyib.
PA rəsmisi bu hadisəni Azərbaycanın ikinci beynəlxalq əhəmiyyətli layihənin həyata keçirilməsinə imza atması kimi dəyərləndirib: "20 ildən bir qədər artıq müddətdə Azərbaycan ikinci "Əsrin müqaviləsi"nin təməlqoyma mərasimini keçirdi. Bu isə həqiqətən də kiçik bir dövlət üçün, müsəlman dövləti üçün, mürəkkəb geosiyasi münasibətlərin cəmləşdiyi, maraqların toqquşduğu ərazidə yerləşən bir ölkə üçün çox böyük nailiyyətdir. Bunun rəmzi tərəfi də odur ki, Azərbaycan bir "Əsrin müqaviləsi"nin 20 illiyini keçirə-keçirə ikinci "Əsrin müqaviləsi"nin təməlqoyma mərasimini keçirdi. Bu həm də ona görə yaxşıdır ki, biz artıq birinci "Əsrin müqaviləsi"nin nəticələrini görürük. O dövrdə həmin "Əsrin müqaviləsi"ni böyük dahi siyasətçi, Ümummilli lider Heydər Əliyev imzalayanda hərə bir söz dedi, bir mövqe bildirdi. Amma Ümummilli lider Heydər Əliyev bildirdi ki, bu, Azərbaycan xalqı, dövləti və dövlətçiliyi, Azərbaycanın gələcəyinin inkişafı üçün çox böyük hadisədir. Ona görə də bunu "Əsrin müqaviləsi" adlandırdı".
Novruz Məmmədov bildirib ki, bu işin ən gözəl tərəfi odur ki, Ümummilli lider Heydər Əliyevin qoyduğu yolun davamçısı bunu davam etdirdi: "Bu yoldan sapma olmadı. Ona görə də bu günə qədər elə xarici ölkə nümayəndəsi, dövlət başçısı, baş naziri olmayıb ki, ölkəmizə gələndə Azərbaycanın nə qədər güclü inkişaf yolu keçdiyini qeyd etməsin. Elə bu gün bir görüş oldu, bunu nümunə kimi deyirəm. Avropa Şurası Parlament Assambleyasının prezidenti Anne Brasseur əslində başqa məsələlərlə məşğul olan şəxsdir, amma görüş zamanı o dedi ki, sizin ölkəniz ötən müddətdə fantastik inkişaf yolu keçib. Həqiqətən də bu belədir".
20 il ərzində regionda, beynəlxalq aləmdə tutduğumuz mövqeyi hərtərəfli araşdırsaq, bizdən 5, 10, 20, 50 il əvvəl müstəqillik qazanmış dövlətlərin bugünkü durumuna nəzər salsaq görərik ki, Azərbaycan doğrudan da müstəsna bir vəziyyətdədir. Baxmayaraq ki, bizim ərazilərimizin 20 faizi işğal altındadır, biz müharibə vəziyyətindəyik. Amma hər bir dövlətin qarşısında duran vəzifə o ölkənin əhalisinin rahat yaşamasını və inkişafını təmin etməkdir. Bu nöqteyi-nəzərdən Azərbaycan yeganə ölkələrdən (xüsusilə də İslam aləmində) biri sayıla bilər"- deyə, PA rəsmisi qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB