Azərbaycanla bağlı qeyri-obyektiv mövqe cəmiyyətdə narazılıqla qarşılanır
Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının sədri xanım Ann Brassör Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ölkəmizin Avropa strukturları ilə sıx əməkdaşlıq etdiyini və Avropaya inteqrasiya istiqamətində daim irəlilədiyini deyib.
Dağlıq Qarabağ münaqişəsindən danışan Siyavuş Novruzov bildirib ki, bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, 1 milyondan artıq azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkünə çevrilib, onların hüquqları kobudcasına pozulub: "Təəssüf ki, beynəlxalq ictimaiyyət belə ciddi bir məsələyə biganə münasibət nümayiş etdirir. Bu günlərdə Avropa Parlamenti növbəti dəfə Azərbaycanla bağlı əsassız, qərəzli qətnamə qəbul edib. Həmin qətnamədə bir sıra məqamlarda AŞPA-ya da istinad olunub. Amma Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistanda insan haqları sahəsində vəziyyət acınacaqlı olsa da, bu ölkə əleyhinə heç bir tədbir görülmür".
YAP rəsmisi Ann Brasörün cəbhə bölgəsində həlak olan günahsız insanların valideynləri və Xocalı soyqırımı qurbanlarının yaxınları ilə də görüşməsini məqsədəuyğun hesab etdiyini diqqətə çatdırıb.
Görüşdə iştirak edən siyasi partiyaların təmsilçiləri təəssüflə bildiriblər ki, Avropanın bəzi qurumlarının Azərbaycanla bağlı qeyri-obyektiv mövqeyi cəmiyyətdə narazılıqla qarşılanır. Çünki bu təşkilatlar ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlardan yanaşırlar. Həmin qurumlar 20 ildən çox müddətdə ərazilərimizin bir qismini işğal altında saxlayan Ermənistana qarşı heç bir tədbir görmürlər. Ona görə də bu təşkilatların hər hansı mövqeyi artıq Azərbaycan cəmiyyətində ciddi qəbul olunmur.
AŞPA-nın sədri Ann Brassör Azərbaycan parlamentində təmsil olunan siyasi partiyaların fəaliyyəti və onların iş prinsipləri ilə maraqlanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB