Elman Nəsirov: “Bunun kökündə Qərblə Rusiya arasında yaranmış "soyuq müharibə" siyasəti dayanır”

"Avropa Parlamentinin xarici işlər və konstitusiya məsələləri komitələrinin üzvü, Polşadan seçilmiş avroparlamentari Yasek Saryus-Volskinin "Ukraynada baş verənlər Moldova, Gürcüstan və Azərbaycandakı dondurulmuş münaqişələrin təkrarıdır" fikri Qərb, Avropa İttifaqı və ABŞ ilə Rusiyanın indiki qarşıdurması və ziddiyyətləri fonunda səslənən bir fikirdir". Bunu SİA-ya siyasi elmlər doktoru, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov qeyd edib ki, Moldovada Dnestryanı Respublika, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişələrinin həll edilməsində Qərbin mövqeyi bəllidir: "Qərb Moldovada "Dnestryanı Respublika", Gürcüstanda "Abxaziya" və "Cənubi Osetiya" münaqişələrində Rusiyanı ittiham edir və bildirir ki, dünya bu qondarma respublikaların müstəqilliyini heç vaxt tanımayacaq, bu ərazilərin müstəqilliyinin elan olunması Rusiyanın geopolitik oyunlarının, ambisiyalarının nəticəsidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişələrinin həll edilməsində isə Qərb və Rusiya daha çox ortaq mövqedən çıxış edirlər. Yəni, heç biri qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımayıb. Ancaq Dnestryanı Respublika, Abxaziya və Cənubi Osetiya ilə bağlı fərqli vəziyyətdir. Xüsusilə Rusiya Abxaziya və Cənubi Osetiya ilə bağlı məsələlərdə fərqli mövqedən çıxış edir və bu qondarma respublikaların müstəqiliyini tanıyır. Hesab edirəm ki, indiki halda bu fikirin səslənməsi Rusiyas faktoru ilə bağlıdır və bu səbəbdən paralellər aparırlar".

"NATO-nun Uels sammiti göstərdi ki, Rusiyaya qarşı təkcə iqtisadi sanksiyalar deyil, hərbi, siyasi sanksiyalar işə salınmaqdadır. Hesab edirəm ki, bu ümumi siyasətin konteksində belə fikirlərə qiymət vermək lazımdır. Yəni Moldovada Dnestryanı Respublika, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişələri ilə Ukrayna hadisələri arasında paralelin aparılmasının kökündə Qərblə Rusiya arasında yaranmış "soyuq müharibə" siyasəti dayanır. Hesab edirəm ki, Yasek Saryus-Volski də bu siyasətin fonunda belə paralellər aparıb, - deyə E.Nəsirov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə