İvitsa Daçiç: “Serbiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edəcək”
"Azərbaycan və Serbiya arasında dərin əməkdaşlıq mövcuddur". SİA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov serbiyalı həmkarı İvitsa Daçiç ilə birgə keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, serbiyalı həmkarı ilə aparılan danışıqlarda siyasi məsləhətləşmələr, xüsusilə münaqişələrin həlli ilə bağlı müzakirələr aparılıb: "Biz beynəlxalq təşkilatlarda bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Gələn il Serbiya ATƏT-ə sədrlik edəcək. Bu baxımdan, Dağlıq Qarabağ problemi ilə bağlı Serbiyanın mövqeyi vacibdir".
E.Məmmədyarov deyib ki, görüş zamanı Azərbaycanın Serbiyaya investisiya yatırımları ətrafında da müzakirələr aparılıb: "Azərbaycan yol tikintisi üçün Serbiyaya 300 milyon avro dəyərində kredit xətti açıb. Eyni zamanda Serbiya Azərbaycan qazının bu ölkəyədə ixracında maraqlıdır. Tezliklə Azərbaycan-Serbiya biznes forumu da keçiriləcək".
Nazir qeyd edib ki, görüş zamanı iki ölkənin parlamentlərarası münasibətlərinin inkişafı da müzakirə edilib.
E.Məmmədyarov həmçinin bildirib ki, Azərbaycan ilk Avropa Oyunlarında Serbiya nümayəndələrinin iştirakına ümid edir.
Regiona yenidən gələcəyini deyən İvitsa Daçiç vurğulayıb ki, ATƏT-in fəaliyyətdə olan sədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əlindən gələni edəcək: "Münaqişənin həlli üçün ciddi səylərimi ortaya qoyacağam. Çünki bu, mənim üçün siyasi turizm deyil. İstənilən ölkənin sərhədlərinin zor gücünə dəyişdirilməsi qəbulolunmazdır. Münaqişələr dialoq yolu ilə həll olunmalıdır və dialoq yeganə çıxış yoludur".
"Azərbaycan Serbiyanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı bizə hər zaman yaxından kömək edib. Biz bu köməyi çox yüksək qiymətləndiririk. Ölkəmdə təbii fəlakət baş verərkən bizə çox kömək etdiniz", - deyə serbiyalı nazir vurğulayıb.
İ.Daçiç bildirib ki, Azərbaycan və Serbiya arasında siyasi iradə böyükdür, lakin iqtisadi əməkdaşlıq çox böyük deyil: "Bunun inkişafı üçün əlimizdən gələni etməliyik. Biz istəyirik ki, Azərbaycan şirkətləri Serbiyada daha fəal olsunlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB