Natalya German: “Moldovanın ali məktəbləri azərbaycanlı tələbələri qəbul etməyə hazırdır”
"Azərbaycan və Moldovanın mövqeləri bir çox məsələlərdə üst-üstə düşür". SİA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov moldovalı həmkarı Natalya Germanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, görüş zamanı iki ölkənin əməkdaşlığı üzrə intensiv fikir mübadiləsi aparılıb: "Biz görüş zamanı əsasən iqtisadi layihələr və Azərbaycanın Moldovaya sərmayə qoyması ətrafında geniş müzakirələr apardıq. Hazırda Azərbaycan investisiyası Moldovada mövcud olsa da, hər iki ölkə həm investisiya, həm də biznes sahəsində əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlıdır.
E. Məmmədyarov bildirib ki, Azərbaycan və Moldova həlli uzanan münaqişələrlə bağlı vahid mövqedən çıxış edirlər: "Hər iki tərəf ölkələrimiz üçün mühüm olan Dağlıq Qarabağ və Dnestryanı münaqişələr kimi məsələlərdə eyni mövqedən çıxış edir".
Natalya German da görüşün çox səmərəli keçdiyini bildirib: "Biz iki ölkəni maraqlandıran bir sıra məsələlər ətrafında danışıqlar apardıq. Moldova Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır. Azərbaycan biznesi artıq Moldovada təmsil olunub, ancaq biz onun ölkədə iştirakının genişlənməsində maraqlıyıq. Həmçinin biz Azərbaycana kənd təsərrüfatı məhsullarının tədarük edilməsini təklif etmişik. Kənd təsərrüfatı məhsullarımız çox yüksək keyfiyyətlidir və ümid edirəm ki, Azərbaycan istehlakçıları razı qalacaq".
Nazir vurğulayıb ki, iki ölkənin siyasi sahədə ikitərəfli münasibətləri yüksək səviyyədədir və ölkələrin ticari-iqtisadi sahədə əlaqələrin inkişafı üçün böyük perspektivləri var.
N. German deyib ki, Moldovanın ali məktəbləri azərbaycanlı tələbələri qəbul etməyə hazırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB