Elmar Məmmədyarov: “Con Kerri Böyük sülh sazişi üzrə işləməyi təklif edib”

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ayın sonunadək regiona səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında Uelsdə keçirilən görüşdə ABŞ dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı böyük sülh sazişi üzərində işləməyi təklif edib. SİA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, görüşdə ABŞ dövlət katibi Con Kerri danışıqlar prosesi ilə tanış olub və yeni addımların mümkünlüyünü öyrənib.

"Azərbaycanın mövqeyi belədir ki, görüşlər görüş xatirinə olmamalı, konkret məsələlər müzakirə olunmalıdır. Ən böyük problem indi Ermənistan qoşunlarının Azərbaycan ərazilərində olmasıdır. Onlar işğal etdikləri ərazilərdən çıxmalıdırlar. Çünki bu vəziyyət ölkə üçün qəbuledilməzdir".

Nazir bildirib ki, sentyabrın sonunda Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək və bu görüşə hazırlaşmaq üçün ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ayın sonunadək regiona səfər edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə