Novruz Məmmədov: "Ermənistan prezidenti situasiyada olmayan mövqeyini ortaya qoydu"

"Bu sammit çox mühüm bir dövrdə keçirilir. Bu sammit bütün dünyada hamının diqqətini cəlb edir. Məhz buna görə də Azərbaycan Prezidenti İlham Əliyev birinci onluqda çıxış edənlərdən biri kimi ora dəvət olundu". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Prezident İlham Əliyevin Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində Uelsdə NATO-nun sammitindəki iştirakı və orada müzakirə olunan məsələlərə münasibət bildirərkən deyib.

PA rəsmisinin sözlərinə görə, həmin sammitdə həm Ukrayna, həm İŞİD-in aradan qaldırılması, həm də Əfqanıstanla bağlı məsələ müzakirə olundu: "Burada cənab Prezident İlham Əliyevin çıxışı iki hissədən ibarət idi. Prezident 60 ölkənin rəhbərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini və Azərbaycanın Şimali Atlantika İttifaqı ilə əməkdaşlığı məsələsini diqqətə çatdırdı. Orada qəbul edilən sənəddə Azərbaycanın ərazi bütövlüyü bir daha dəstəklənir. Digər tərəfdən həmin sammitdə bir neçə görüş keçirildi. Bu, Azərbaycan və Fransa prezidentlərinin görüşü idi. Burada Dağlıq Qarabağ və digər məsələlər ətraflnda fikir mübadiləsi aparıldı.

Bildiyiniz kimi, bu ilin avqust ayında Prezident İlham Əliyev Rusiya prezidentinin dəvəti ilə Soçidə oldu: "Sözügedən sammitdə Soçi görüşü də müzakirə olundu. Digər bir görüş Azərbaycanın dövlət başçısının ABŞ dövlət katibi Con Kerri ilə olan görüşü idi. Burada ABŞ tərəflərin mövqeyini bir daha eşitmək, dinləmək qərarına gəldi. Azərbaycan Prezidenti isə ölkəmizin mövqeyini orada bir daha ortaya qoydu. Daha sonra Ermənistan prezidenti situasiyada olmayan mövqeyini ortaya qoydu".

Bütün xəbərlər Facebook səhifəmizdə