Qabil Hüseynli: “Rusiya gücünü xalqının yaxşı yaşayışına sərf etməkdənsə, silahla oynayır” RƏY

Qabil Hüseynli: “Rusiya gücünü xalqının yaxşı yaşayışına sərf etməkdənsə, silahla oynayır” RƏY

"Rusiya Ukrayna məsələsində qarşısına qoyduğu hədəflərə nail ola bilməyəcək. Bu ölkə artıq Ukrayna bataqlığından çıxmağa çalışır, amma hələ ki, bu cəhdi alınmır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli beynəlxalq ekspertlərin Rusiyanın Ukraynanın ardınca Baltikyanı ölkələrə, yaxud da Qazaxstana müdaxilə etmək fikrində olması iddialarına münasibət bildirərkən deyib.

Politoloq qeyd edib ki, əslində bir sıra siyasi ekspertlər, təhlilçilər Rusiyanın potensialını həddən artıq şişirdirlər: "Rusiyanın 100 min əsgəri, xeyli topu, tankı var, əsgərinin 600 minini Ukrayna sərhəddinə yığıb, amma yenə də Ukrayna ilə bacara bilmir. Ukrayna ordusu da tədricən formalaşır, onlara Qərbdən də kömək gəlir. Hələ Rusiyanın vəziyyəti getdikcə daha da çətinləşəcək. İndiyə qədər iki min əsgər itirib, hələ separatçılar arasında ölənləri də saysaq, itkilərin sayı daha da artır. Ona görə də beynəlxalq ekspertlərin bu iddialarının real görünmədiyini düşünürəm".

Baltikyanı ölkələrlə bağlı fikirlərə gəlincə, Qabil Hüseynli qeyd edib ki, Amerika həmin ölkələrdə öz hərbi bazalarını yaradır və Baltik dənizində hərbi gəmilərini yerləşdirir: "NATO-nun da hərbi qüvvələri Rusiya sərhəddindədir və bu faktor Rusiya üçün vəziyyəti daha da çətinləşdirir".

Qabil Hüseynli Rusiyanın Qazaxıstana müdaxilə etmək fikrinə düşməsi məsələsinə də öz fikrini bildirib: "Əgər Rusiya Qazaxıstana hücum etmək qərarına gəlsə, bu Rusiya üçün Ukrayna məsələsindən daha da çətin bir məsələyə çevrilə bilər. Yəni Rusiya Qazaxıstana da sataşmağa çalışsa, bu artıq Putini, Rusiyanı dünya üçün təhlükə mənbəyinə çevirər və dünya ölkələri də bu məsələyə biganə qalmaz. Onsuzda biganə qalmır, artıq Putinin də sonu yaxınlaşır, amma Rusiya daha bir işğalçı addım atsa, bu Putinin taleyini təhlükə altına atmaq demək olar. Fikrimcə, Rusiya artıq çox səhvlərə yol verib, indi bu səhvləri düzəltməyə çalışacaq".

Politoloq Azərbaycan-Ermənistan münaqişəsində də Rusiyanın mövqeyi haqda fikirlərini bölüşüb. Onun bildirdiyinə görə, bu münaqişədə Rusiya müəyyən qədər Azərbaycana meyllənmişdi, münaqişəni həll etmək üçün istəkli görünürdü. Lakin yenidən bu məsələdə tormozlanma yarandı və danışıqlar əvvəlki çıxış nöqtəsinə qayıtdı: "Rusiya Ermənistanda hərbi təlimlər keçir, hələ üstəlik öz qırıcı qüvvələrini də göndərməyə çalışır. Azərbaycan və Gürcüstan isə bu uçuşların onların hava sərhəddindən həyata keçirilməsinə imkan vermir. Rusiyanın bu cəhdləri onu göstərir ki, Ermənistanın tərəfini tutmaqda davam edir, münaqişə tərəfləri arasındakı balansı Ermənistanın xeyrinə pozmağa çalışır. Zəngin və əməksevər bir dövlət olan Rusiya öz gücünü xalqının yaxşı yaşayışına sərf etməkdənsə, silahla oynayır, digər dövlətləri də təhdid edir. Bütün bunlara əsaslanaraq, Rusiyanın istifadə etdiyi bu məntiqin ona hansısa uğur gətirəcəyini düşünmürəm".

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə