Niyaməddin Orduxanlı: "Əli Kərimli-İsa Qəmbər qarşıdurmasını qarşıdan gələn seçkilərdə də görəcəyik" RƏY

Niyaməddin Orduxanlı: "Əli Kərimli-İsa Qəmbər qarşıdurmasını qarşıdan gələn seçkilərdə də görəcəyik" RƏY

"AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər arasında heç vaxt yaxın əlaqə olmayıb. Onlar uzun illərdir nifrət, kin, düşmənçilik münasibətində olublar. Yəni heç bir halda bu adamlar birgə fəaliyyət göstərə bilməyiblər, bundan sonra da həmin fəaliyyətin mümkünsüzlüyü davam edəcək". Sözügedən fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı hər iki partiyanın yenidən bir araya gələ bilməsinin mümkünlüyü barədə irəli sürülən iddialara münasibət bildirərkən deyib.

Niyaməddin Orduxanlı bildirib ki, onların bir-birinə güzəştə gedə bilməməsinin səbəbi uzun illərdən bəri aralarında mövcud olan patoloji nifrətdir və güzəştə getməmək faktorları dayanıb: "Azərbaycan siyasi arenasında Əli Kərimli və İsa Qəmbər qədər bir-birinə nifrət edən ikinci bir şəxs yoxdur. Artıq bu münasibətlər 20 ildən artıqdır ki, davam edir. Hesab edirəm ki, onların bir-biri ilə səmimi əməkdaşlıq qurması mümkün deyil. Çünki onların hər biri birinci olmağa çalışır. Bu isə qətiyyən mümkün deyil".

BAXCP rəsmisinin sözlərinə görə, son prezident seçkilərindəki məğlubiyyətindən sonra, məhz bu iki şəxs müxalifət düşərgəsini parçaladı: "Onlar arasındakı intriqa bu parçalanmanı daha da dərinləşdirib. Yəni onların ambisiyaları imkan vermir ki, bir-birilərinə güzəştə getsinlər. Hazırkı vəziyyətdə isə bu haqda danışmaq qeyri-mümkündür. Biz bunu qarşıdan gələn bələdiyyə və parlament seçkilərində də görəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə