Prezident: "Ermənistanın qondarma tarixini birgə ifşa edəcəyik" FOTOLAR

"Bu gün keçirilən ikitərəfli və geniştərkibli görüşdə qarşılıqlı əlaqələr müzakirə olunub". SİA-nın xəbərinə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuat üçün birgə bəyanatında deyib.

Prezident İlham Əliyev iki ölkənin beynəlxalq səviyyədə daima bir-dirinə dəstək verdiyini, ikitərəfli məsləhətləşmələr apardığını vurğulayıb: "Bir daha əmin olduq ki, əlaqələr yüksək səviyyədədir. Əlaqələrimiz dostluq və qardaşlıq təməlləri üzərində qurulub. Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün Türkiyəyə minnətdarlığımı bildirmək istəyirəm. Türkiyə bütün dövrlərdə bu istiqamətdə mövqeyini açıq ortaya qoyub, haqqı-ədaləti müdafiə edib. Görüşümüzdə bu məsələ də müzakirə olundu. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır, 1 milyon qaçqın var. BMT bu münaqişə ilə bağlı 4 qətnamə qəbul etsə də, əfsuslar olsun ki, Ermənistan qətnamələrə məhəl qoymur, münaqişə həllini tapmayıb. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır və əminəm ki, belə olacaq".

Dövlət başçısı qeyd eldib ki, qarşıdan gələn qondarma erməni soyqırımı ilə bağlı Türkiyə və Azərbaycan birgə fəaliyyət göstərəcək: "Biz qondarma erməni soyqırımının ifşası ilə bağlı fəaliyyətimizi koordinasiya şəklində aparacağıq. İctimai, diaspor təşkilatlarımız birgə fəaliyyət göstərəcək. Ermənistanın qondarma tarixini birgə ifşa edəcəyik".

Prezident İlham Əliyev görüşdə müdafiə sənayesi və energetika sahəsində də müzakirələr aparıldığını nəzərə çatdırıb: "Bu gün əsərimiz olan TANAP layihəsi dünyanın diqqətini cəlb edib. Əminəm ki, tarixi layihə vaxtında icra ediləcək. Bu, daha geniş beynəlxalq əməkdaşlıq tələb edən layihədir. Görüşdə həmçinin qarşılıqlı sərmayə qoyulması məsələləri də müzakirə olunub. Yaxın 5 ildə Türkiyəyə daha çox sərmayə qoyulacaq. Bu, təxminən 17-20 milyard həcmindədir. "Şahdəniz" layihəsində Türkiyə iştirak edir. Türkiyə nə qədər güclü olsa, biz özümüzü o qədər güclü hiss edəcəyik. Əminəm ki, bundan sonra qardaşlıq əlaqələrimiz daha da inkişaf edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə