"Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə keçirilən müşavirədə çox vacib və dəyərli məsələlərlə bağlı müzakirələr aparıldı. Müşavirədə hər bir Azərbaycan vətəndaşının ürəyindən keçən fikirlər ifadə olundu". Bu sözləri "Səs" TV-yə açıqlamasında "İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə ötən həftə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə media qurumlarının rəhbərləri ilə keçirilən müşavirədə səslənən fikirlərə münasibət bildirərkən deyib.
Vüqar Rəhimzadənin sözlərinə görə, akademik Ramiz Mehdiyev Azərbaycan cəmiyyətini düşündürən, hər bir fərd üçün dəyərli və əhəmiyyətli olan informasiya təhlükəsizliyi ilə bağlı konkret məsələləri müşavirə iştirakçılarının nəzərinə çatdırıb: "Ümumiyyətlə, Azərbaycanda güc strukturları müəyyən mənada qapalı qurumlardır. Ordunun qüdrətinin artması dövlətin gücünün göstəricilərindən və başlıca şərtlərindəndir. Bununla bağlı yanlış informasiyaların Azərbaycanın həm elektron, həm də yazılı mətbuatında yer alması, həmin məlumatları Azərbaycanda olan satqın insanların bəzi beynəlxalq təşkilatların və qurumların nəzərinə çatdırması və bunun əsasında qeyri-dəqiq rəyin formalaşdırılması halları olur. Bu cür hallar milli və dövlətçilik maraqlarına zərbə vurmaq cəhdindən başqa bir şey deyil".
Mətbuat Şurası İdarə Heyətinin üzvü V.Rəhimzadə bildirib ki, Azərbaycanda satqın, xəyanət yolu tutan QHT nümayəndələri ilə yanaşı, media əməkdaşları da var: "Bu sırada dağıdıcı və radikal müxalifət mətbuat orqanları fəallıqları ilə seçilirlər. Xüsusilə "Azadlıq" qəzetini buna misal çəkmək olar. "Azadlıq" qəzetinin yazıları qərəz, şər və böhtandan ibarətdir. Bu qəzetin məqsədi Azərbaycanda dövlətin imicini sarsıtmaq, dövlətçiliyə xələl gətirmək, insanlara qarşı qərəz, şər-böhtan yaxmaqdan ibarətdir. Bu ölkənin suyunu içib, çörəyini yeyəsən, havasını udasan, amma dövlətinin mənafeyinə zərbə vurasan. Belələrinə yalnız xəyanətkar və satqın insan demək olar".
V. Rəhimzadə bildirdi ki, "Azadlıq" qəzetçilik simasını itirib: "Əli Kərimli kimi satqın insanlar bu qəzet vasitəsilə öz çirkin niyyətlərini həyata keçirməyə calışırlar. Bu baxımdan demək olar ki, qəzetin əməkdaşları da Azərbaycanla bağlı düşmən mövqeyində olan insanlardır. Belə olmasaydı bunların qəzetlərində Azərbaycanla bağlı dərc olunan şər-böhtanı düşmən erməni mətbuatı öz səhifələrində, erməni mətbuatında dərc olunanları isə bunlar öz səhifələrində dərc etməzdilər. Buna satqınlıq və xəyanətdən başqa ad vermək mümkün deyil. Mətbuat Şurası olaraq, digər məsələlərlə də bağlı biz dəfələrlə "Azadlıq" qəzetinə xəbərdarlıq etmişik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB