Elçin Mirzəbəyli: “Azərbaycanda bir neçə QHT və “hüquq müdafiəçi”si müxalifətin nəzarətindədir”

"Azərbaycanda müxalif qurumların xarici təşkilatlardan, QHT-lərdən külli miqdarda maliyyə yardımları alması, faktlarla sübuta yetirilib. Müxalif düşərgədə təmsil olunan insanlarda ayrı-ayrı xarici təşkilatlar tərəfindən maliyyələşdirildiklərini etiraf ediblər". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, bu maliyyələşmə birbaşa olmadığından həmin xarici təşkilatların siyasi partiyaları maliyyələşdirməsi məsələsi gündəmə gəlmir: "Ancaq heç kimə sirr deyil ki, ayrı-ayrı beynəlxalq təşkilatlar, o cümlədən vaxtilə Azərbaycanda fəaliyyət göstərən Milli Demokratiya İnstitutu ölkədəki siyasi partiyaları müxtəlif formada maliyələşdirib. Eyni zamanda radikal düşərgəyə daxil olan siyasi partiyaların nəzarətində faktiki olaraq bir neçə QHT, "hüquq müdafiəçiləri" fəaliyyət göstərir. Onların aldığı böyük məbləğdə vəsaitlər də radikal düşərgəyə, ayrı-ayrı pozucu addımların maliyyələşməsinə sərf olunur".

E.Mirzəbəyli vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev də tamamilə faktlara söykənərək real bir sitiuasiya haqqında açıqlama verib: "Bu reallığın, mövcud vəziyyətin aradan qaldırılması üçün Azərbaycan dövləti kifayət qədər ciddi addımlar atır".

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev Beyləqanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib ki, yardım adı altında Azərbaycana hər il milyonlarla dollar pul ötürülür: "O pul müxalifət qurumlarının cibinə gedir. Düzdür, bizim müxalifət pula o qədər meyllidir ki, o, ayrılan qrantların 70-80 faizini öz cibinə qoyur. Ona görə o pullar onu göndərənlərin iradəsi ilə xərclənmir. Ancaq fakt budur. Biz bunu bilirik, burada heç nəyi gizlətmək mümkün deyil. Bütün bank hesablarına nə qədər gəlir, kimə gəlir, o pul sonra hara gedir və bilin ki, verilən o vəsait ölkəmizin maraqlarının əleyhinə işləyən vəsaitdir. Onsuz da lap o miqdarı on dəfə artırsalar da bunun xeyri olmayacaq. Çünki Azərbaycanda sabitliyin, inkişafın təminatçısı Azərbaycan xalqıdır, görülən işlərdir, abadlaşan şəhərlər və inkişafda olan ölkəmizdir. Ona görə hesab edirəm ki, Azərbaycanda sabitliyi pozmaq cəhdləri yersizdir. Bunu artıq o cəhdləri edənlər də tamamilə başa düşürlər".

Bütün xəbərlər Facebook səhifəmizdə