Aydın Quliyev: "Müşavirə tarixi əhəmiyyətli hadisə oldu" AÇIQLAMA

Aydın Quliyev: "Müşavirə tarixi əhəmiyyətli hadisə oldu" AÇIQLAMA

"Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsində çoxdan vaxtı çatmış məsələlər müzakirə olundu. Müşavirədə ölkə mətbuatının bugünkü vəziyyəti ilə bağlı müəyyən fikirlər səsləndirildi, milli təhlükəsizliyin yüksək səviyyədə həyata keçirilməsində medianın rolu geniş şəkildə təhlil olundu". Bunu SİA-ya açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, görüşdə bir çox istiqamətlər açılıb: "Həmin istiqamətlərdə həm mövcud vəziyyət təhlil olundu, həm də medianın qarşısında duran vəzifələr konkret olaraq göstərildi. İnformasiya təhlükəsizliyi sahəsində dövlət siyasətinin təkmilləşdirilməsi və informasiya təhlükəsizliyinin yüksək səviyyədə həyata keçirilməsində medianın vəzifələri dəqiq müəyyən olundu. Fikrimcə, bu cür məruzəyə, açıq söhbətə çoxdan ehtiyac var idi. R. Mehdiyev məruzəsi ilə Azərbaycan mediasının bundan sonra müharibə qanunları və şərtləri ilə fəaliyyət göstərmə mərhələsinə keçidini təmin etdi".

Baş redaktor qeyd edib ki, cəbhədəki son hadisələr mediada informasiya və milli təhlükəsizlik məsələlərinin qorunması ilə bağlı çox böyük boşluqların olmasını ortaya çıxarıb: "Ona görə də bu məruzəyə ehtiyac var idi. Bu mərhələdə medianın üzərinə çox böyük vəzifələr düşəcək. Çoxsaylı media orqanlarımızın müəyyən bir qismi bu mərhələnin vəzifələrini lazımı qədər dərk edərək, növbəti mərhələyə keçid edə biləcək. İstisna deyil ki, onların müəyyən bir hissəsi bu mərhələdə mövcudluğunu itirsin. Burada söhbət milli dövlət təhlükəsizliyi ilə bağlı medianın daha məsuliyyətli olmasından gedir. Məsuliyyətli olan media orqanları yaşayacaq, olmayanlar isə qanun qarşısında cavab verməli olacaq. Bu görüşü tarixi əhəmiyyətli hadisə hesab edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə