Partiya sədri: “ABŞ senatorlarının erməni lobbisinin təsiri altında olduğu faktdır”
"ABŞ senatorları və konqresmenlərinin erməni lobbisinin təsiri altında olduğu faktdır". Bunu SİA-ya Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı ABŞ-ın Kaliforniya ştatının Senatında qondarma Dağlıq Qarabağ Respublikasının tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.
Partiya sədrinin sözlərinə görə, erməni diasporu uzun illərdir ABŞ-ın həm siyasi, həm də iqtisadi həyatında geniş fəaliyyət göstərir: "Bu gün erməni lobbisi ABŞ-ın siyasi həyatına təsiretmə imkanına malikdir. Hesab edirəm ki, bu fakt bizi Ermənistana qarşı apardığımız ədalətli mübarizədən çəkindirməli deyil".
Qeyd edək ki, dünən ABŞ-ın Kaliforniya ştatının senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınması üçün ABŞ Konqresinə və prezidentinə müraciət ünvanlayıb. Erməni KİV-ləri isə bunu Kaliforniya ştatının "Dağlıq Qarabağ Respublikası"nın "müstəqilliyini" "tanıması" kimi qələmə veriblər.
Xatırladaq ki, Kaliforniya Ştat Senatının Dağlıq Qarabağa dair qərəzli qətnaməsi ilə bağlı qəbul etdiyi sənədi Los Ancelesdəki Baş Konsulluğumuz və Azərbaycan Xarici İşlər Nazirliyi kağız parçası adlandırıb. Çünki erməni mətbuatının təqdim etməyə çalışdığı kimi, bu sənəddə Dağlıq Qarabağ hansısa respublika kimi tanınmır və senatın belə bir tanıma hüququ da yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB