XİN rəsmisi: "Kaliforniya Senatında qəbul olunan sənədin hüquqi qüvvəsi yoxdur"
"Kaliforniya Ştat Senatının Dağlıq Qarabağa dair qərəzli qətnaməsi ilə bağlı qəbul etdiyi sənəd Los Ancelesdəki Baş Konsulluğumuzun dediyi kimi, kağız parçasından başqa bir şey deyil. Çünki erməni mətbuatının təqdim etməyə çalışdığı kimi, bu sənəddə Dağlıq Qarabağ hansısa respublika kimi tanınmır və senatın belə bir tanıma hüququ da yoxdur". SİA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bu gün keçirdiyi mətbuat konfransında Kaliforniya Ştat Senatının Dağlıq Qarabağa dair qəbul etdiyi qətnaməni şərh edərkən deyib.
Onun sözlərinə görə, bu fakt həmin sənədin qəbul edilməsinə səs verən senatorların dürüstlüyünü şübhə altında qoyur ki, bu da ABŞ-dakı erməni lobbisinin maliyyə dəstəyi sayəsində mümkün olub: "Kaliforniyalı senatorlar bu qətnaməyə səs verməklə Azərbaycan torpaqlarının işğalını dəstəkləməyə çağırıblar ki, bu da beynəlxalq norma və prinsiplərə ziddir. Kaliforniyadakı senatorlar erməni təbliğatının qurbanıdır. Onlar erməni icmasının maliyyə təsiri altındadırlar. Qəbul olunan sənədə 40 senatordan 17-i, o cümlədən Senat prezidenti də səs vermədən imtina edib. Sənəd deklorativ xarakter daşıyır və heç bir hüquqi qüvvəsi yoxdur. Ancaq erməni tərəfi bunun üzərində yalançı təbliğat qurmağa, başda radikal erməni lobbisi olmaqla sadə erməniləri hər zamankı kimi aldatmağa çalışırlar. Bu yalanları biz - Azərbaycan tərəfi ifşa edəcəyik".
Qeyd edək ki, dünən ABŞ-ın Kaliforniya ştatının senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınması üçün ABŞ Konqresinə və prezidentinə müraciət ünvanlayıb. Erməni KİV-ləri isə bunu Kaliforniya ştatının "Dağlıq Qarabağ Respublikası"nın "müstəqilliyinin" "tanınması" kimi qələmə veriblər. Məsələ ilə bağlı artıq Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu bu gün Kaliforniya Ştat Senatının Dağlıq Qarabağa dair qərəzli qətnaməsilə bağlı bəyanat yayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB